11_PREZIDENT - SAFAR - ZARDAB - MAKTAB - ACHILISH.jpg
30 iyun 2006

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zərdabda inşa olunmuş yeni məktəb binasının açılış mərasimi olub

İyunun 30-da Zərdab rayonunun Dəkkəoba kəndində Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində inşa olunmuş orta məktəb binası istifadəyə verilmişdir.


Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bu təhsil ocağına gəldilər. Pedaqoji kollektiv, kənd sakinləri Prezidenti və xanımını böyük səmimiyyətlə qarşıladılar.

 

Prezident İlham Əliyev məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

 

200 yerlik məktəbi 8 nömrəli İxtisaslaşdırılmış dəmir yol tikinti idarəsinin kollektivi inşa etmişdir. 12 sinif otağından ibarət, lazımi avadanlıqla təchiz olunmuş məktəbdə tədrisin müasir tələblər səviyyəsində qurulması üçün hər cür şərait yaradılmışdır. Geniş idman salonu və açıq idman meydançası da vardır. Burada dərslər bir növbədə keçirilir.

 

Prezident İlham Əliyev məktəbdəki şəraitlə maraqlandı, kompyuter və riyaziyyat kabinetlərinə, ayrı-ayrı sinif otaqlarına baxdı. Bildirildi ki, gələn ilin sonunadək Azərbaycanda orta məktəblərin kompyuterləşdirilməsi proqramı başa çatdırılacaqdır.

 

Heydər Əliyev Fondunun vəsaiti ilə bu il rayonun Pərvanlı kəndində 240 yerlik, Lələağacı kəndində isə 160 yerlik məktəb binaları da tikiləcəkdir.

 

Sonra Prezident İlham Əliyev məktəbin pedaqoji kollektivi ilə görüşdü, onları təbrik etdi, ölkəmizin bütün bölgələrində, o cümlədən Zərdabda yeni müasir təhsil ocaqlarının tikilməsindən, şagirdlərin yüksək bilik alması üçün yaradılan şəraitdən razılığını bildirdi. Uşaqların yaxşı oxuması, biliyə yiyələnməsi, vətənpərvərlik ruhunda tərbiyə alması üçün daha səylə çalışmağı tövsiyə etdi.

 

Müəllimlər ulu öndərin tarixi xidmətlərini, təhsilə göstərdiyi diqqət və qayğını xatırlatdılar, Prezident İlham Əliyevin tövsiyəsinin, arzu və istəklərinin yerinə yetirilməsi üçün əzmlə çalışacaqlarını bildirdilər. Onlar Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini də yüksək qiymətləndirdilər.


FOTO