02.JPG
24 fevral 2011

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Şağan qəsəbəsində 3 saylı internat evinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva fevralın 24-də Şağan qəsəbəsində 3 saylı internat evinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.


Heydər Əliyev Fondunun prezidentinə gül dəstəsi təqdim edildi.


Mehriban xanım Əliyeva rəmzi açılışı bildirən lenti kəsdi.


Məlumat verildi ki, 1984-cü ildə inşa edilmiş internat evində əqli və fiziki cəhətdən qüsurlu olan 8-18 yaş arasında 138 uşaq yaşayır. Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində həyata keçirilən yenidənqurma işlərinə 2010-cu ilin martında başlanmışdır.


Foyedə qurulan stenddə ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uşaqlara diqqət və qayğısını əks etdirən fotolar yer almışdır. Burada, həmçinin internat evinin əvvəlki və indiki vəziyyətini əks etdirən fotostend də yaradılmışdır.


Mehriban xanım Əliyeva müasir avadanlıqla təchiz edilmiş və müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş konfrans otağına baxdı, musiqi zalında uşaqların ifasına qulaq asdı.


Gənc nəslin fiziki sağlamlığına xüsusi diqqətlə yanaşılan ölkəmizdə idman zallarının müasir tələblər səviyyəsində qurulmasına xüsusi diqqət yetirilir. İnternat evinin idman zalı da ən müasir qurğularla təchiz olunmuşdur. İnternat evində 20-yə yaxın tibb işçisi fəaliyyət göstərir. Onların arasında yüksək ixtisaslı psixonevroloq, pediatr və terapevtlər vardır. Tibb otaqları müasir avadanlıqla və dərman preparatları ilə təmin edilmişdir.


Fizioterapiya, reabilitasiya, ilk yardım, funksional diaqnostika otaqlarında vakuumlu massaj, ayaqlar üçün elektrotrenajor avadanlıqları vardır. İnternat evində yaşayan uşaqlar üçün bir sıra mühüm prosedurlar həyata keçirilir. Azərbaycanın birinci xanımı xüsusi qayğıya ehtiyacı olan uşaqların su ilə reabilitasiyasını nəzərdə tutan otağa da baxdı.


Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan internat evində hər bir otaqda uşaqların sevdiyi nağıl qəhrəmanlarının təsvir olunduğu mebel avadanlığı və oyuncaqlar vardır. Müəssisədə uşaqlara əmək vərdişləri də aşılanır. Burada balacalar öz potensiallarını nümayiş etdirmək imkanı qazanırlar. Mehriban Əliyeva uşaqlar üçün böyük zövqlə qurulan, onların dincəlmələrini təmin edən yataq otaqlarına baş çəkdi. Milli Məclisin deputatı dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi - de-institusionallaşdırma məsələsi ilə maraqlandı.


Mehriban xanım Əliyeva mətbəxdə uşaqların qida rasionunu gözdən keçirdi, müxtəlif oyunlar vasitəsilə uşaqların həm təhsilini, həm əylənməsini nəzərdə tutan otağa baxdı. Burada balacalar kompyuter öyrənir, şahmat, dama, rəsmlə məşğul olurlar.


Azərbaycanın birinci xanımı uşaqlarla səmimi söhbət etdi. Uşaqlar Mehriban xanıma xatirə hədiyyəsi verdilər və öz məharətlərini də nümayiş etdirdilər.


Daha sonra Mehriban xanım Əliyeva internat evinin geniş yeməkxanasında yaradılmış şəraitlə tanış oldu.


İnternat evinin həyətində də geniş abadlıq, yaşıllaşdırma işləri aparılmış, gözəl fəvvarələr, oturacaqlar qoyulmuşdur. Buradakı hər bir element bu evin məhz uşaqlar üçün nəzərdə tutulduğunu təsdiqləyir. İnternatın özəl təsərrüfatı da vardır. Balacaların reabilitasiyası üçün burada inək, qoyun, toyuq və digər ev quşları saxlanılır. Müəssisədə çörək və şirniyyat məmulatlarının hazırlanması üçün xüsusi bina inşa edilmişdir.


Burada yaradılan şəraitdən razılığını bildirən Mehriban xanım Əliyeva kollektivə və internat evinin sakinlərinə uğurlar arzuladı.


FOTO