07.JPG
24 fevral 2011

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Şüvəlan qəsəbəsində 16 saylı xüsusi internat məktəbinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva fevralın 24-də Şüvəlan qəsəbəsində beyin iflici və polimielit keçirmiş uşaqlar üçün 16 saylı xüsusi internat məktəbinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.


Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim edildi.


Bildirildi ki, internat məktəbinin əsaslı şəkildə yenidən qurulması Heydər Əliyev Fondunun Azərbaycanda təhsilin inkişafı, keyfiyyətcə yeni mərhələyə qədəm qoyması istiqamətində həyata keçirdiyi irimiqyaslı layihələrin tərkib hissəsidir.


Qeyd edildi ki, məktəbdə təmir işlərinə Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində ötən ilin martında başlanmışdır. Qısa müddət ərzində məktəbin binası yenilənmiş, həyəti abadlaşdırılmış, yeni qazanxana, açıq havada yay idman oyunları və futbol meydançaları salınmış, üzgüçülük hovuzu, su anbarı inşa olunmuş, ağac və gül kolları əkilmişdir. Məktəbin yenilənmiş 24 fənn kabineti hər cür dərs ləvazimatı ilə təchiz olunmuşdur. Təmirdən sonra məktəbin kitabxanasının ədəbiyyat fondu xeyli zənginləşdirilmişdir. Burada uşaqların müasir informasiya texnologiyalarına yiyələnmələri üçün kompyuter otağı yaradılmışdır. Məktəbin yenilənmiş yeməkxanasında uşaqlar gün ərzində üç dəfə qidalanırlar.


Bildirildi ki, 180 yerlik məktəbdə 118 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 54 müəllim məşğul olur. Burada təhsil alan uşaqlar həm də müalicəvi idman kurslarından keçirlər. Bunun üçün fizioterapiya, tibbi müayinə, loqoped otaqları, idman zalı yenidən qurulmuşdur. Uşaqlarla psixoloqlar məşğul olurlar. Mehriban xanım Əliyevaya məlumat verildi ki, məktəblilərin bir qismi dərs və məşğələlərdən sonra evlərinə getsələr də, böyük əksəriyyəti məktəbin yataqxanasında qalır. Həmin uşaqların yaşayışı üçün yataqxanada hər cür şərait vardır.


Qeyd olundu ki, təmir zamanı məktəbin akt zalı da tamamilə yenilənmişdir. Burada uşaqların müxtəlif intellektual tədbirlər, toplantılar keçirmələrinə əlverişli şərait yaradılmışdır.


Sonra Mehriban xanım Əliyeva idman zalında uşaqların məşq prosesini izlədi. Məlumat verildi ki, uşaqlar asudə vaxtlarında burada idmanın müxtəlif növləri ilə məşğul olurlar.


Məktəbdə yaradılan şəraitlə tanış olduqdan sonra Mehriban Əliyeva Heydər Əliyev Fondunun növbəti hədiyyəsini - yeni avtobusun açarlarını məktəbə təqdim etdi.


X X X


Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Şüvəlan qəsəbəsində Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziyada aparılan təmir işləri ilə tanış oldu.


Məlumat verildi ki, Fondun “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində təhsil müəssisəsinin tədris korpuslarında və yataqxanasında təmir işlərinə başlanılmışdır. Təmir başa çatdıqdan sonra məktəb yeni avadanlıqla təchiz ediləcəkdir.


Qeyd edildi ki, bu gün qəsəbədə əksəriyyəti Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulmuş 7 orta ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bundan başqa, Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Xəzər rayonunun Türkan qəsəbəsindəki 119 nömrəli orta məktəbin 300 şagird yerlik, Binə qəsəbəsindəki 117 nömrəli orta məktəbin 1040 şagird yerlik, Zirə qəsəbəsindəki 120 saylı orta məktəbin korpuslarının inşasına başlanmışdır.


Mehriban xanım Əliyeva yeni tikilən tədris korpuslarının stendi ilə yaxından tanış oldu. Bildirildi ki, Fondun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində Şüvəlandakı körpələr evi-uşaq bağçası da yenidən qurulmuşdur.


FOTO