GANC DIPLOMATLAR-H.ALIYEV FONDU.JPG
8 may 2009

Azərbaycan Diplomatik Akademiyasının tələbələri və ali məktəbin qonaqları Heydər Əliyev Fondunda olublar

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə bağlı Azərbaycan Diplomatik Akademiyasının tələbələri və ali məktəbin qonaqları olan xarici diplomatlar mayın 8-də Heydər Əliyev Fondunda olmuşlar.

 

Qonaqlara Fondun beşillik fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.

 

Ömrünü Azərbaycana və xalqına həsr etmiş, bugünkü müstəqil dövlətimizin qurucusu ulu öndər Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramlarını bildirmək üçün Fonda gələn qonaqlar buradakı zəngin ekspozisiya ilə yaxından tanış olmuşlar.

 

Ulu öndərin şəxsi arxivindən götürülmüş, onun həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən fotoşəkillər, Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan zəngin materiallar iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Fondda ümummilli liderin oxuduğu təhsil ocaqlarında fərqləndiyini əks etdirən diplomlar, milli təhlükəsizlik orqanlarında işlədiyi dövrdəki xidməti vəsiqələri, həm sovetlər, həm də müstəqillik dövründə Azərbaycana rəhbərlik etdiyi zaman gördüyü quruculuq işlərini əks etdirən fotolar, aldığı fəxri fərman və sənədlər də saxlanılır. Ulu öndərin Bakıda, Naxçıvanda, Moskvada yaşadığı, işlədiyi illər, hakimiyyəti dövrlərində ölkənin müxtəlif sahələrində qazanılan uğurlar, həyata keçirilən layihələr fondun ziyarətçilərində böyük maraq doğurmuşdur.

 

Burada akademiyanın tələbələrinə və gənc xarici diplomatlara Azərbaycanın beynəlxalq əlaqələrinin qurulması istiqamətində ulu öndərin həyata keçirdiyi uğurlu siyasət barədə məlumat verilmişdir. Fondun ziyarətçiləri Heydər Əliyevin dünyanın tanınmış siyasi lideri, dövlət başçıları ilə keçirdiyi görüşləri zamanı çəkilən fotoşəkillərə, onun mədəniyyətə, elmə, bu sahədə çalışan insanlara diqqət və qayğısının təzahürü olan stendlərə tamaşa etmiş, dünyanın müxtəlif ölkələrində ümummili liderin xatirəsinə göstərilən ehtiramı əks etdirən guşə ilə tanış olmuşlar.

 


FOTO