9 may 2009

Moskva Dövlət Universiteti Bakı filialının rəhbərliyi, professor-müəllim heyəti və tələbələri Heydər Əliyev Fondunda olublar

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə bağlı M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) Bakı filialının rəhbərliyi, professor-müəllim heyəti və tələbələri mayın 9-da Heydər Əliyev Fondunda olmuşlar.

 

Qonaqlara Fondun beşillik fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.

 

Ömrünü Azərbaycanın və doğma xalqının tərəqqisinə həsr etmiş, bugünkü müstəqil dövlətimizin qurucusu ulu öndər Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramlarını bildirmək üçün Fonda gələn qonaqlar buradakı zəngin ekspozisiya ilə yaxından tanış olmuşlar.

 

Ulu öndərin şəxsi arxivindən götürülmüş, onun həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən fotoşəkillər, Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan zəngin materiallar iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Fondda ümummilli liderin oxuduğu təhsil ocaqlarında fərqləndiyini əks etdirən diplomlar, milli təhlükəsizlik orqanlarında işlədiyi dövrdəki xidməti vəsiqələri, həm sovetlər, həm də müstəqillik dövründə Azərbaycana rəhbərlik etdiyi zaman gördüyü quruculuq işlərini əks etdirən fotolar, aldığı fəxri fərman və sənədlər də saxlanılır. Ulu öndərin Bakıda, Naxçıvanda, Moskvada yaşadığı, işlədiyi illər, hakimiyyəti dövrlərində ölkənin müxtəlif sahələrində qazanılan uğurlar, həyata keçirilən layihələr fondun ziyarətçilərində böyük maraq doğurmuşdur.

 

Burada filialın rəhbərliyinə, professor-müəllim heyəti və tələbələrinə Azərbaycanın beynəlxalq əlaqələrinin qurulması istiqamətində ulu öndərin həyata keçirdiyi uğurlu siyasət barədə məlumat verilmişdir. Fondun ziyarətçiləri Heydər Əliyevin dünyanın tanınmış siyasi lideri, dövlət başçıları ilə keçirdiyi görüşləri zamanı çəkilən fotoşəkillərə, onun mədəniyyətə, elmə, bu sahədə çalışan insanlara diqqət və qayğısının təzahürü olan stendlərə tamaşa etmiş, dünyanın müxtəlif ölkələrində ümummili liderin xatirəsinə göstərilən ehtiramı əks etdirən guşə ilə tanış olmuşlar.

 

Fondun fəaliyyətini əks etdirən videofilm qonaqlarda xüsusi maraq doğurmuşdur. Filmdə Fond tərəfindən son illərdə Azərbaycanda təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə həyata keçirilən mühüm layihələr əksini tapmışdır.

 

Sonda MDU-nun Bakı filialının rektoru, professor Nərgiz Paşayeva iştirakçılar adından Fondun rəhbərliyinə təşəkkürünü bildirmiş, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında gördüyü əvəzsiz xidmətlərdən söz açmışdır. Rektor, tələbələrə Vətəni, xalqı ulu öndər kimi sevməyi və onun ideyalarına sadiq qalmağı tövsiyə etmişdir.