17 mart 2009

Milli Məclis Novruz bayramı ərəfəsində Amnistiya aktı haqqında qərar layihəsini qəbul edib

Milli Məclisin martın 17-də keçirilmiş iclasında parlamentin deputatı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın hazırladığı “Novruz bayramı münasibətilə Amnistiya elan edilməsi haqqında” qərar layihəsini qəbul etmişdir.

 

Amnistiya aktı 111 səs lehinə olmaqla qəbul olunmuşdur.

 

Amnistiya Aktı layihəsinə əsasən böyük ictimai təhlükə törətməyən və bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, birinci və ya ikinci qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar və bəzi digər kateqoriyadan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər.

 

Həmçinin azadlıqdan məhrum edilmiş və cəzalarının bitməsinə bir il qalmış qadınlara və altı ay qalmış kişilərə, islah işləri, ictimai işlər cəzasına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara amnistiya tətbiq etməklə, onların cəzadan azad olunmaları təklif edilir. Aparılan təhlillərə əsasən təqribən 9 min şəxs Amnistiya Aktının təsiri altına düşəcəkdir. Təqribən 1700 məhkum azadlıqdan məhrumetmə yerlərindən azad ediləcəkdir. Qərar layihəsi qüvvəyə mindiyi gündən 4 ay müddətində tam icra olunacaqdır.