5 aprel 2009

İstanbulda BMT Sivilizasiyaların Alyansı Katibliyi və Dialoq və Əməkdaşlıq Uğrunda Gənclər Forumunun təşəbbüsü ilə konfrans keçirilib

İstanbulda aprelin 6-7-də keçiriləcək BMT Sivilizasiyaların Alyansı təşəbbüsünün II Qlobal Forumu ərəfəsində aprelin 5-də BMT Sivilizasiyaların Alyansı Katibliyi və Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) birgə təşəbbüsü ilə forumdan əvvəl Gənclər Konfransı keçirilmişdir. Konfransda Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyeva və Türkiyənin Baş nazirinin qızı Sümeyra Ərdoğan iştirak etmişlər. 

 

Leyla xanım Əliyeva qloballaşan dünyada nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində gənclərin daha fəal olması və bu cür konfransların əhəmiyyətindən bəhs etmişdir.

 

Konfransda vurğulanmışdır ki, 2007-ci ilin noyabrında Bakıda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təqdimatı keçirilmiş "Gənclər Sivilizasiyaların İttifaqı Uğrunda" (Youth for the Alliance of civilizations -YAOC) beynəlxalq hərəkatı bundan sonra Birləşmiş Millətlər Təşkilatının rəsmi platforması kimi fəaliyyət götərəcəkdir.

 

Daha sonra çıxış edən BMT Sivilizasiyaların Alyansı gənclər proqramının əlaqələndiricisi İsabella Leqare bildirmişdir ki, tədbirdə iştirak edən 75 ölkənin 100 gənc lideri dünya gənclərinin bir-birini daha yaxından tanımaları üçün Gənclik Məşvərət Şurası çərçivəsində müxtəlif layihələr həyata keçirəcəklər. Onların qəbul edəcəyi qərarlar BMT Sivilizasiyaların Alyansı təşəbbüsünün II Qlobal Forumunda dünya liderlərinə çatdırlacaqdır.

 

Konfransda gənc liderlərin hazırladığı Bəyannamə qəbul edilmişdir. Bəyannamədə bəşəriyyətin qarşılaşdığı problemlər – miqrasiya, ekologiya, lokal münaqişələrin həlli və sairə kimi məsələlərə gənclərin münasibəti öz əksini tapmışdır.

 

Tədbirdə o da vurğulanmışdır ki, İstanbul Gənclər Konfransı 2007-ci ilin noyabrında Bakıda elan edilmiş YAOC hərəkatının beynəlxalq səviyyədə tanınması məqsədilə aparılan fəaliyyətin məntiqi nəticəsidir. Leyla xanım Əliyevanın rəhbərliyi ilə aparılan məqsədyönlü işlər hərəkatın BMT, Avropa Şurası, nüfuzlu beynəlxalq və regional gənclər təşkilatları tərəfindən tanınması üçün əsas yaratmışdır. Mədəniyyətlər arasında fərqliliklərin yaratdığı problemlərin aradan qaldırılması üçün başda İslam Konfransı Təşkilatı olmaqla müxtəlif qitələrdən konfransa gəlmiş gənclər “Sivilzasiyalar Alyansı Gənclər Strategiyası”nı da qəbul etmişlər.

 

Tədbirdə Portuqaliyanın keçmiş Prezidenti Yorqe Sampaio, Türkiyə Baş nazirinin müşaviri Əli Sarıqaya, Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov iştirak etmişlər.