RESBUBLIKA FEAL QADINLAR-HEYDAR ALIYEV FONDU-TANISHLIQ .JPG
7 may 2009

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri və respublikanın fəal qadınları Heydər Əliyev Fondunda olublar

Mayın 7-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri və respublikanın fəal qadınları Heydər Əliyev Fondunda olmuşlar.


Qonaqlara Fondun beşillik fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.

 

Nümayəndələr dünyanın tanınmış siyasi xadimlərinin xalqımızın dahi oğluna bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, ümummilli liderin dövlət təhlükəsizliyi orqanlarında, Moskvada yüksək dövlət vəzifəsində işləyərkən çəkilmiş şəkilləri, ailə albomu, dünyanın nüfuzlu siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olmuşlar.

 

Ulu öndərin Azərbaycanın xalq rəssamı Tahir Salahov tərəfindən 1983-cü ildə çəkilmiş portreti qonaqlarda xüsusi maraq doğurmuşdur.

 

Bildirilmişdir ki, ümummilli lider elm, təhsil, səhiyyə, mədəniyyət və incəsənət sahəsində çalışan qadınlara daim xüsusi diqqət və qayğı ilə yanaşmışdır.

 

Qonaqlar Fonda “Heydər Əliyev və dövlət qadın siyasəti” kitabını təqdim etmişlər. Fondun beş illiyi münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və ombudsman Elmira Süleymanova xoş sözlərin və arzuların yazıldığı təbrik məktublarını oxumuşlar.

 

Natiqlər əlamətdar yubiley münasibətilə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanı təmsil etdikləri qurumların üzvləri adından təbrik edərək, Fondun elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə həyata keçirdiyi böyük layihələrin əhəmiyyətini vurğulamış, diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

 

Sonda ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Böyük ömrün anları” sənədli filmi nümayiş etdirilmişdir.


FOTO