13 may 2009

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş gecə keçirib

Moskvada, Rusiya Dövlət Kitabxanasının Şərq Ədəbiyyatı Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş gecə keçirilmişdir. Tədbiri Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi təşkil etmişdir. 

 

Rusiya Dövlət Kitabxanasının direktoru Viktor Fyodorov gecəni açaraq bildirmişdir ki, Heydər Əliyev həm SSRİ, həm Azərbaycan üçün, həm də Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsi üçün çox işlər görmüşdür. Heydər Əliyevin fəaliyyətinə necə yüksək qiymət verilirsə-verilsin, yenə də azdır, çünki ən yüksək qiyməti tarixin özü verir. O demişdir: “Artıq aydındır ki, Heydər Əliyev tərəfindən qoyulmuş təməlin əsasında həm müasir geosiyasi vəziyyəti ən incəliyinə qədər bilən dövlət xadiminin, həm öz Vətənini ürəkdən sevən bir insanın müdrikliyi durur”.

 

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin bölmə müdiri Fuad Axundov çıxış edərək, əməkdaşlığa görə kitabxananın rəhbərliyinə minnətdarlığını bildirmiş və demişdir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü şərəfinə belə bir tədbirin Rusiya kitabxanasında keçirilməsi rəmzi xarakter daşıyır, çünki Heydər Əliyev mədəniyyətin, mənəvi kamilliyin inkişafına, vahid mədəni məkanın saxlanılmasına böyük töhfələr vermişdir. Rusiyanın mədəniyyət xadimləri və ziyalıları bunu yaxşı xatırlayırlar. F.Axundov ümummilli liderin Moskvada insanların iqtisadi və sosial həyatının bir sıra sahələrini əhatə edən çoxşaxəli fəaliyyətindən, habelə ciddi iş aparan, xeyriyyə aksiyaları təşkil edən, təhsil və gənclərlə bağlı layihələr həyata keçirən Heydər Əliyev Fondunun və onun Rusiya nümayəndəliyinin gördüyü işlərdən söhbət açmışdır.

 

O demişdir: “Heydər Əliyev ölkəni xilas etmiş və müasir Azərbaycanın təməlini qoymuşdur. Bu gün dövlətimizin başçısı İlham Əliyev ulu öndərin başladığı işləri uğurla davam etdirir. Azərbaycan ən qabaqcıl ölkələrlə bir sırada durur. Bütün bunlar böyük Heydər Əliyevin xalqı bir araya gətirməsi, ölkəni səfərbər etməsi sayəsində mümkün olmuşdur”.

 

Çıxış edənlər insanların ürəklərində silinməz izlər qoymuş Azərbaycan xalqının ulu öndərini sonsuz səmimiyyət və məhəbbətlə xatırlayaraq bildirmişlər ki, Heydər Əliyevlə görüşmək və onunla ünsiyyətə girmək həyatlarında ən parlaq və unudulmaz məqamlar olmuşdur.

 

Azərbaycanın və Rusiyanın əməkdar incəsənət xadimi Janna Dozortseva demişdir: “Heydər Əliyev yüksək mədəniyyətə malik son dərəcə gözəl insan olmaqla yanaşı, həm də səmimi və mehriban idi. O, intellektinə, ziyalılığına və zəngin biliyinə görə bənzərsiz şəxsiyyət idi”.

 

Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən onun köməkçisi olmuş Yuri Soloduxin demişdir: "Heydər Əliyevlə işləmək hamı üçün məktəb idi. O, fəaliyyətinin əməli nəticələri, xüsusi iş üslubu olan siyasi xadim idi. Böyük, nadir intellektual potensialı da onun geniş dünyagörüşündə özünü büruzə verirdi. Heydər Əliyev mədəniyyətə və mənəvi inkişafa böyük diqqət yetirirdi. Onun kino sənayesi üçün büdcədən pul ayrılmasına nail olmasını və Tretyakov qalereyasının yeni binasının tikintisinin başa çatmasına kömək etməsini hamı xatırlayır. O, böyük siyasi xadim idi. Heydər Əliyev dahiliyi sağlığında etiraf edilmiş şəxsiyyətlərdən idi”.

 

“Vestnik aktualnıx proqnozov” jurnalının şöbə müdiri Lyudmila Lavrova demişdir ki, Heydər Əliyevin böyüklüyü onun bir dövlət xadimi kimi mədəni-mənəvi əlaqələrin inkişafının əhəmiyyətini başa düşməsində idi: “Azərbaycanın mədəni-mənəvi əlaqələri qoruyub saxlaması Heydər Əliyevin dövlət xadimi, yeni demokratik Azərbaycanın qurucusu kimi böyük xidmətidir. Onun rus dili və mədəniyyətinə münasibəti, Bakı Slavyan Universitetinin yaradılması, Rusiya Dilçilik Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılması Heydər Əliyevin unudulmaz xatirələrinə ən gözəl abidələrdir”. L.Lavrova yazıçı-publisist Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” silsilə kitablarını da yüksək qiymətləndirərək, onları Heydər Əliyev bioqrafiyasına dair nadir materialların toplandığı sanballı əsər adlandırmışdır.

 

“Exo planetı” jurnalının baş redaktorunun müavini Valeri Calaqoniya Heydər Əliyevin KİV nümayəndələrinə münasibətindən danışaraq bildirmişdir ki, heç bir sovet xadimi jurnalistlərə bu qədər diqqət ayırmırdı. Heydər Əliyev KİV-lərin rolunu Kremldəki həmkarlarından daha yaxşı başa düşürdü.

 

Keçmiş SSRİ-nin dövlət təhlükəsizliyi xidmətinin nümayəndəsi Georgi Pozdorovkin əlavə etmişdir ki, Heydər Əliyev əsl vətəndaş, öz xalqının böyük oğlu, prinsipial və obyektiv idi. O demişdir: “Heydər Əliyev bu gün də öz obrazı, bütün həyatı ilə xalqının, xüsusən də gənclərin xidmətindədir".

 

Şərq Ədəbiyyatı Mərkəzinin salonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş fotosərgi və iki ekspozisiyadan - onun həyat və fəaliyyətindən söhbət açan və Heydər Əliyev Fondu tərəfindən buraxılmış kitablardan ibarət sərgi açılmışdır.