HINDISTAN QONAQLAR-HEYDAR ALIYEV FONDU-TANISHLIQ.JPG
25 may 2009

Hindistan-Azərbaycan Assosiasiyasının üzvləri Heydər Əliyev Fondunda olublar

Hindistan-Azərbaycan Assosiasiyasının prezidenti Benoy Vattappilli və qurumun üzvləri mayın 25-də Heydər Əliyev Fondunda olmuşlar.


Ulu öndərin şəxsi arxivindən götürülmüş, onun həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən fotoşəkillər, Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan zəngin materiallar qonaqlar tərəfindən maraqla qarşılanmışdır. Fondda ümummilli liderin oxuduğu təhsil ocaqlarında fərqləndiyini əks etdirən diplomlar, milli təhlükəsizlik orqanlarında işlədiyi dövrdəki xidməti vəsiqələri, həm sovetlər, həm də müstəqillik dövründə Azərbaycana rəhbərlik etdiyi zaman gördüyü quruculuq işlərini əks etdirən fotolar, aldığı fəxri fərman və sənədlər də saxlanılır. Dahi şəxsiyyətin Bakıda, Naxçıvanda, Moskvada yaşadığı, işlədiyi illər, hakimiyyəti dövrlərində ölkənin müxtəlif sahələrində qazanılan uğurlar, həyata keçirilən layihələr barədə materiallar qonaqlarda böyük maraq doğurmuşdur.

 

Vurğulanmışdır ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

 

Qonaqlar burada Heydər Əliyevin dünyanın tanınmış siyasi lider və dövlət başçıları ilə keçirdiyi görüşləri zamanı çəkilən fotoşəkillərə, onun mədəniyyətə, elmə, bu sahədə çalışan insanlara diqqət və qayğısının təzahürü olan stendlərə tamaşa etmiş, dünyanın müxtəlif ölkələrində ümummilli liderin xatirəsinə göstərilən ehtiramı əks etdirən guşə ilə tanış olmuşlar.

 

Tədbirdə iştirak edən Hindistanın Azərbaycandakı səfiri Debnad Şou Fondun xatirə kitabına ürək sözlərini yazmışdır.

 

Sonda hindistanlı rəssam Babu Edakuuninin ulu öndər Heydər Əliyevin qum ilə yaratdığı portreti Fondun icraçı direktoru Anar Ələkbərova təqdim edilmişdir.

 

Bildirilmişdir ki, rəssam görkəmli şəxsiyyətin portretini yaratmaq üçün iş prosesində Bakı, Naxçıvan və digər bölgələrdən gətirilmiş qumdan istifadə etmişdir. İndiyədək rəssam qum ilə Hindistan və digər ölkələrin tanınmış şəxsiyyətlərinin portretini yaratmışdır.


FOTO