001.jpg
6 iyul 2009

Azərbaycanda səfərdə olan müxtəlif ölkələrin din xadimləri Heydər Əliyev Fondunda olublar

Azərbaycanda səfərdə olan müxtəlif ölkələrin din xadimləri iyulun 6-da Heydər Əliyev Fondunda olmuşlar.


Qonaqlar Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin verdiyi hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olmuş, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxmışlar.

 

Ulu öndərin orta və ali məktəbləri əla qiymətlərlə bitirməsi barədə attestatı və diplomu, əla təhsilə və nümunəvi əxlaqa görə tərifnaməsi, işlədiyi müxtəlif kollektivlərdə yalnız müsbət keyfiyyətlərlə səciyyələndirilən xasiyyətnamələri, keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilən tədbirlərdə çəkilmiş yadigar fotoşəkillər, iş otağındakı əşyalar şərəfli ömrün salnaməsini xatirələrdə bir daha canlandırmışdır.

 

Məlumat verilmişdir ki, ümummilli lider Heydər Əliyev iqtisadi rifahın, sosial-mədəni irəliləyişlərin, müasir cəmiyyət quruculuğunun bütün səviyyələrdə uğurlu inkişafı üçün zəruri zəminlər yaratmışdır.

 

Din xadimləri Heydər Əliyev Fondunun görkəmli siyasi xadimin zəngin irsinin öyrənilməsi, təbliği, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti ilə bağlı apardığı işləri yüksək qiymətləndirmişlər.


FOTO