OZBAKISTAN IH-FOND-TANSHLIQ.JPG
2 iyul 2009

Özbəkistanın “Kamolot” İctimai Hərəkatının üzvləri Heydər Əliyev Fondunda olublar

Özbəkistan gənclərinin “Kamolot” İctimai Hərəkatının üzvləri iyulun 2-də Heydər Əliyev Fondunda olmuşlar.

 

Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri, çoxşaxəli fəaliyyəti, ulu öndərin şəxsi arxivindən götürülmüş eksponatlar haqqında ətraflı məlumat verilmişdir.

 

Burada onlar Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müasir Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olmuş, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxmışlar.

 

Ulu öndərin orta və ali məktəbləri əla qiymətlərlə bitirməsi barədə attestatı və diplomu, əla təhsilə və nümunəvi əxlaqa görə tərifnaməsi, işlədiyi müxtəlif kollektivlərdə yalnız müsbət keyfiyyətlərlə səciyyələndirilən xasiyyətnamələri, keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilən tədbirlərdə çəkilmiş yadigar fotoşəkilləri, iş otağındakı əşyalar şərəfli ömrün salnaməsini xatirələrdə bir daha canlandırmışdır.

 

Ümummilli liderin Azərbaycanda hüquqi, demokratik dövlət və ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumat qonaqlar tərəfindən maraqla qarşılanmışdır.

 

Fondla tanış olan qonaqlar xatirə kitabına ürək sözlərini yazmışlar.

 

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov qonaqlarla görüşmüş, onlarla səmimi söhbət etmişdir.

 

İcraçı direktor Azərbaycanın birinci xanımı, Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən layihələr haqqında qonaqlara məlumat vermişdir.

 

Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fondun Fransanın Strasburq şəhərindəki Notr-Dam kilsəsinin təmirinə maliyyə dəstəyi göstərdiyi və bu təşəbbüsün yüksək qiymətləndirildiyi diqqətə çatdırılmışdır.

 

Anar Ələkbərov qonaqlara Heydər Əliyev Fondunun beşillik fəaliyyəti ilə bağlı buklet hədiyyə etmişdir.

 

Qonaqlar da öz növbəsində Heydər Əliyev Fonduna xatirə hədiyyəsi bağışlamışlar.

 

Fondun daxili tərtibatına valeh olan “Kamolot” İctimai Hərəkatının üzvləri xatirə şəkilləri çəkdirmiş, Fondla tanışlıqdan zəngin təəssüratla ayrılmışlar.


FOTO