FOND-KONFRANS ISHTIRAKCHILARI.JPG
17 oktyabr 2009

“Böhrandan sonrakı iqtisadiyyatda maliyyə resurslarının səmərəli idarə olunmasında şəffaflığın rolu” elmi-praktiki konfransının iştirakçıları Heydər Əliyev Fondunda olublar

Bakıda keçirilən “Böhrandan sonrakı iqtisadiyyatda maliyyə resurslarının səmərəli idarə olunmasında şəffaflığın rolu” elmi-praktiki konfransının iştirakçıları oktyabrın 17-də Heydər Əliyev Fondunda olmuşlar.

 

Qonaqlara ulu öndərin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun tarixi, məqsədləri barədə məlumat verilmişdir.

 

Ümummilli liderin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərə diqqətlə nəzər yetirən konfrans iştirakçıları, görkəmli siyasi xadimin Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri olarkən genişmiqyaslı fəaliyyətini əks etdirən fotolara, ötən əsrin nəhəng tikintilərindən olan Baykal-Amur dəmir yolu magistralının (BAM) çəkilişinə uğurla rəhbərlik etdiyinə görə ona verilmiş xatirə medalına, BAM-ın 1 nömrəli sərnişini vəsiqəsinə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə baxmışlar.

 

Məlumat verilmişdir ki, ulu öndərin xatirəsinə İstanbul, Ankara, Ceyhan, İğdır, Qars, habelə Buxarest, Daşkənd, Kiyev və Tbilisidə abidələr ucaldılmışdır.

 

Tanışlıqdan sonra qonaqlar Fondun xatirə kitabına ürək sözlərini yazmışlar.

 

Burada gördüklərindən məmnun olduqlarını söyləyən konfrans iştirakçıları Heydər Əliyevin zəkasına və intellektinə heyran qaldıqlarını bildirdilər.  


FOTO