17 oktyabr 2008

Azərbaycanın birinci xanımının müəllifi olduğu kitab ABŞ Konqresinin kitabxanasına daxil edilib

ABŞ Konqresi kitabxanasının Azərbaycan bölməsinə daha bir çap məhsulu əlavə olunmuşdur. Dünya şöhrətli musiqiçi və ictimai xadim, ABŞ Milli Simfonik Orkestrinə 20 il başçılıq etmiş Msitslav Rostropoviçin xatirəsinə həsr edilən silsilə tədbirlər çərçivəsində maetsronun Bakı həyatından bəhs olunan “Rostropoviç” kitabı Konqresə təqdim edilmişdir. Kitabın müəllifi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevadır.


Təqdimat mərasimində Rostropoviçın Bakıdakı ev muzeyi tərəfindən təşkil olunan və Azərbaycan hökuməti tərəfindən Konqres kitabxanasına hədiyyə edilmiş fotosərgi də boyük maraqla qarşılanmışdır.

 

Kitabxananın baş kitabxanaçısı Ceyms Billinqton yeni kitabın Azərbaycan bölməsinə əlavə edilməsini yüksək dəyərləndirmişdir. O, bildirmişdir ki, hazırda Konqres kitabxanasıda Azərbaycanla bağlı 138 müxtəlif nəşr və fotoarxiv vardır.

 

Maestronun qızı Olqa Rostropoviç çıxışında atasının həyatında Azərbaycanın mühüm rol oynadığını demişdir. Olqa xanım Azərbaycan Prezidenti İlham Əliyevi son prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edərək bildirmişdir: “Mənim atam Bakıda həyatının ilk və xoşbəxt illərini keçirmişir. Ömrünün son illərində isə o, özünə Bakıda çoxlu dost qazanmışdır. Onların arasında möhtərəm Prezident İlham Əliyev və onun gözəl xanımı Mehriban Əliyeva da vardır.”

 

Azərbaycanın Vaşinqtondakı səfiri Yaşar Əliyev çıxışında vurğulamışdır ki, YUNESKO-nun xoşməramlı səfirləri kimi Mstislav Rostropviç və Mehriban Əliyeva dünyada mədəniyyət, incəsənət və musqinin təbliği üzrə bir sıra layihələrdə birgə çalışmışlar. Doğulduğu Bakı Rostropoviçə çox şey verdiyi kimi, maestro da həyatının son illərində Azərbaycan paytaxtına səfərləri zamanı çox işlər görmüdür. Hər gəlişində o, Dövlət Konservatoriyasında təkmilləşmə sinifləri təşkil etməklə Azərbaycanın musiqi sənətinə dəyərli töhvələr vermiş, qaçqın düşərgələrində olmuş, sosial layihələrdə iştirak etmişdir. Səfir təqdim edilən kitaba istinadla bildirmişdir ki, ailəsinin sözlərinə görə, maestronun həyatla vidalaşandan əvvəl son sözlərindən biri “Demək mən Bakıya gedə bilməyəcəm” ifadəsi olmuşdur.

 

Y.Əliyev bəyan etmişdir ki, dahi həmyerlimizin əziz xatirəsi bakılıların qəlbindən silinməyəcəkdir.