004.JPG
12 dekabr 2008

İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları Heydər Əliyev Fondunda olublar

İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları ümummilli liderin anım günü - dekabrın 12-də Heydər Əliyev Fondunda olmuşlar.

 

Onlara Heydər Əliyev Fondunun yaranması, fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.

 

Sonra onlar Fondun zəngin sərgi və ekspozisiyası ilə tanış olmuşlar. Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələr, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri böyük maraq doğurmuşdur. Orta və ali məktəbləri yalnız əla qiymətlərlə bitirməsi barədə attestat və diplom, əla təhsilə və nümunəvi əxlaqa görə tərifnamə, işlədiyi müxtəlif kollektivlərdə yalnız müsbət keyfiyyətlərlə səciyyələndirilən xasiyyətnamələr, keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilən tədbirlərdə çəkilmiş yadigar fotolar, iş otağındakı əşyalar nazirliyin əməkdaşlarının dahi şəxsiyyətin ömür yolu barədə məlumatlarını daha da dolğunlaşdırmışdır. Sonra Fondun kinosalonunda ulu öndərə həsr edilmiş “Böyük ömrün anları” filmi göstərilmişdir.

 

Fenomen şəxsiyyətin mahir diplomat, görkəmli siyasətçi, nəcib insan, mehriban ailə başçısı kimi təqdim olunduğu bu filmdə ulu öndərin dilindən xalq mahnıları, şeirlər, müdrik kəlamlar da səslənir, onun Vətənə, xalqa nə qədər dərindən bağlı olduğu bir daha əyani şəkildə göz önündə canlanırdı.


FOTO