9 may 2009

Lənkəranda Heydər Əliyev Fondunun yaradılmasının 5 illiyinə həsr olunmuş tədbir keçirilib

Mayın 9-da Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Heydər Əliyev Fondunun yaradılmasının 5 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.


Tədbirdə məruzə ilə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti aparatının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Əlimərdan Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə təhsil, mədəniyyət, səhiyyə, idman və digər sahələrdə həyata keçirilən layihələr barədə iştirakçılara məlumat vermişdir. Bu işlərdə qurumun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rolu xüsusi vurğulanmışdır.

 

Qeyd olunmuşdur ki, Fondun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Lənkəran rayonunda 9 yeni məktəb tikilmiş, 3 məktəbdə 15 əlavə sinif otağı inşa edilmiş, Osman Mirzəyev adına internat məktəbi əsaslı təmir edilərək yeni mebel və avadanlıqla təmin olunmuşdur.

 

Tədbirin sonunda Heydər Əliyev Fondunun fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilmişdir.