03.jpg
10 noyabr 2010

Buxarestdəki 64 saylı natamam orta məktəbdə Rumıniya-Azərbaycan dostluğuna həsr olunmuş tədbir keçirilib

2010-cu ilnoyabrın 10-da Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin və Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin təşəbbüsü ilə Buxarest şəhərinin 2-ci sektorundakı 64 saylı natamam orta məktəbdə Rumıniya-Azərbaycan dostluğuna həsr olunmuş tədbir keçirilib.


Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Violeta Daskalu Rumıniya və Azərbaycan arasında əlaqələrin qədim tarixindən danışıb. O, ölkəmizin Rumıniya üçün hələ kəşf olunmamış böyük mədəni potensiala malik olduğunu, başçılıq etdiyi məktəbin Azərbaycan ilə əlaqələrin qurulmasına böyük önəm verdiyini söyləyib.


Buxarest Yazıçılar Assosiasiyasının sədri, yazıçı və dramaturq Horia Qırbya 2009 və 2010-cu illərdə Azərbaycana etdiyi səfərlər haqqında təəssüratlarını bölüşüb, müəllifi olduğu şəkillərdən ibarət slaydın müşayiəti ilə Azərbaycanın tarixi, mədəniyyəti, mənəvi dəyərləri və müasir həyatı haqqında geniş məlumat verib, həmçinin yenicə çapdan çıxmış “Azərbaycan – canlı alov” kitabını təqdim edib.


Tədbirdə musiqiçi Əlixan Səmədovun balabanda ifa etdiyi Azərbaycan xalq mahnıları səsləndirilib, sonra məktəbin şagirdlərindən ibarət özfəaliyyət dərnəyi görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin rumın dilinə tərcümə olunmuş şeirlərindən ibarət səhnəcik nümayiş etdirib. Məktəbin yuxarı sinif şagirdləri isə Rumıniya və Azərbaycan arasında tarixi və coğrafi paralellərə dair hazırladıqları araşdırmanı əyani vəsaitlərin köməyi ilə iştirakçılara təqdim ediblər.


Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin direktoru İqbal Hacıyev və Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşı Fəxri Kərimli iki xalq arasında dostluq əlaqələrinin gənc nəslin doğru istiqamətdə tərbiyə olunmasından başlandığını vurğulayıblar. Onlar bu əlaqələrin genişləndirilməsinə verdiyi əhəmiyyətə görə 64 saylı məktəbin rəhbərliyinə təşəkkür ediblər. Tədbirdə bu təhsil ocağının ərazisində yerləşdiyi Buxarest şəhəri 2-ci sektoru ilə Azərbaycan arasında qurulmuş sıx əməkdaşlıq münasibətlərindən danışılıb, bu sektordakı “Tey parkı-Heydər Əliyev xiyabanı”nda Azərbaycan xalqının ümummilli liderinin büstünün qoyulduğu diqqətə çatdırılıb.


Daha sonra iştirakçılar məktəb şagirdlərinin yaradıcılığının məhsulu olan “Azərbaycan –rumın uşaqlarının gözü ilə” rəsm sərgisi ilə tanış olublar.


FOTO