Picture5.gif
7 iyun 2013

Heydər Əliyev Fondu ABŞ-ın Merilend ştatında yerləşən məktəblərə xeyriyyə yardımı edib

Heydər Əliyev Fondu tərəfindən ABŞ-ın Merilend ştatının Montqomeri dairəsində yerləşən ciddi fiziki və əqli qüsurlu uşaqların təhsil aldığı məktəblərə xeyriyyə yardımı göstərilib. Bu yardım əsasında məktəblər üçün kompyuterləşdirilmiş interaktiv lövhələr və əlil uşaqlar üçün müvafiq avadanlıq alınacaqdır.

 

İyunun 6-da bu münasibətlə Merilend ştatında qüsurlu uşaqların təhsil aldığı “Lonqvyu” məktəbində xüsusi mərasim təşkil olunub. Mərasimə məktəb rəhbərliyi, Montqomeri dairəsinin təhsil sisteminə daxil olan təşkilatların nümayəndələri, yerli hakimiyyət dairələrinin təmsilçiləri və qüsurlu şagirdlərin bir qrupu qatılıblar.

 

İştirakçılar qarşısında çıxış edən Heydər Əliyev Fondunun ABŞ üzrə nümayəndəsi Cəmilə Paşayeva-Seyidzadə onlara ölkəmiz və xalqımız haqqında məlumat vermiş, daha sonra Fondun yaranması, məqsədləri barədə danışmışdır. O, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında aparılan çoxşaxəli fəaliyyət haqqında ətraflı məlumat vermişdir.

 

Fondun nümayəndəsi “Lonqvyu” məktəbi ilə Azərbaycanın ixtisaslaşmış təhsil müəssisələri arasında təcrübə mübadiləsinin təşkilinin hər iki tərəf üçün faydalı ola biləcəyini bildirmişdir.

 

Mərasimdə Montqomeri dairəsinin təhsil fondunun icraçı direktoru Yolanda Pruit, dairənin təhsil xidmətləri mərkəzinin nümayəndəsi Lavern Kimbal və “Lonqvyu” məktəbinin əlaqələndiricisi Mişel Mak çıxış edərək səmimi xeyriyyəçiliyə görə Heydər Əliyev Fonduna təşəkkür etmiş və bu təşəbbüsü çox yüksək qiymətləndirmişlər.

 

Tədbirin iştirakçıları arasında olan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov bu xeyriyyə aksiyasının iki ölkənin xalqları arasında münasibətlərin dərinləşməsinə əhəmiyyətli bir töhfə verəcəyini ifadə etmişdir.

 

Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Azərbaycan musiqisi incilərini əks etdirən disklər və məlumat kitabçaları “Lonqvyu” məktəbinin rəhbərliyinə təqdim olunmuşdur.

 

Mərasimin sonunda məktəbdə fiziki cəhətdən qüsurlu uşaqların təhsili üçün yaradılmış şərait tədbir iştirakçılarına nümayiş etdirilmişdir.

 

Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən göstərilmiş xeyriyyə yardımına “Washington Times” qəzetində ayrıca məqalə həsr olunub.

 

http://www.washingtontimes.com/topics/heydar-aliyev-foundation/


FOTO