Azərbaycanın birinci xanımı Mehriban Əliyeva oktyabrın 20-də Bakıda keçirilən “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfransda iştirak edən İran İslam Respublikasının ailə və qadın məsələləri üzrə vitse-prezidenti Şahindoxt Movlaverdi ilə görüşüb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qonağı salamlayaraq “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfransın uğurlu keçəcəyinə ümidvar olduğunu söylədi. Mehriban Əliyeva tədbirdə iştirak etdiyinə görə Şaxindoxt Movlaverdiyə minnətdarlığını bildirdi.
Hazırda Azərbaycan ilə İran arasındakı əməkdaşlığın müxtəlif sahələri əhatə
etdiyini deyən Azərbaycanın birinci xanımı bu il ərzində hər iki ölkənin
prezidentlərinin üç dəfə görüşdüyünü bildirdi, qarşılıqlı səfərlərin və görüşlərin
əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verdiyini vurğuladı. Mehriban
Əliyeva Bakıda keçirilən beynəlxalq konfransın qadın məsələlərinin həllində
mühüm rol oynayacağına əminliyini ifadə etdi.
Şahindoxt Movlaverdi konfransa dəvətə görə təşəkkürünü bildirdi. Qonaq ilk dəfədir
ki, Bakıya səfər etdiyini deyərək, ümidvar olduğunu vurğuladı ki, bu konfrans
İslam ölkələrində qadınların rolunun artmasına töhfə verəcək.