002.JPG
3 aprel 2017

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi təqdim olunub

Aprelin 3-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşüb.

 

Görüşdə Mehriban Əliyevanın iştirakı ilə “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi təqdim olunub.

 

Birinci vitse-prezident Mehriban Əliyeva görüşdə çıxış edib.

 

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, aprel döyüşlərində yaralanan zabit Elşən Qarayev görüşdə çıxış edərək, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondu tərəfindən aprel döyüşlərində yaralanmış bir qrup hərbi qulluqçulara protezlərin təqdim edilməsinin dövlət rəhbərliyinin Silahlı Qüvvələrin şəxsi heyətinə göstərdiyi diqqət və qayğının daha bir nümunəsi olmasını söyləyiblər.


Birinci vitse-prezident Mehriban Əliyeva görüşə yekun vurub.

 

Daha sonra “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsinin geniş təqdimatı oldu.

 

MEDİCOM şirkətinin direktoru Anar Rüstəmov videoçarx əsasında dünyanın aparıcı protez istehsalçılarının məhsulları haqqında məlumat verərək dedi:

 

- Hörmətli Mehriban xanım.

 

Əvvəl Sizə təşəkkür etmək istərdim ki, MEDİCOM şirkətinin “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsinin təqdimatına imkan yaratdınız.

 

Tapşırıq alan kimi, Heydər Əliyev Fondunun və müvafiq dövlət qurumlarının əməkdaşlarının iştirakı ilə yaradılan işçi qrupu hər bir əsgər və zabitlə fərdi görüşlər keçirərək qarşıda duran əsas vəzifə və tapşırıqları müəyyən edib. Layihə çərçivəsində ilkin mərhələdə əsgər və zabitlərimizin klassik protezlərlə təmin olunmasını düşünürdük. Mehriban xanım, lakin Sizin tapşırığınızdan sonra əsgər və zabitlərimiz dünyanın müasir protez istehsalçıları olan Almaniyanın, İslandiyanın, İngiltərənin, ABŞ-ın qabaqcıl şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin olunacaqlar.

 

Hər bir əsgər və zabitimizin bir çox fərdi xüsusiyyətləri, xüsusilə aktivlik dərəcələri, həyat tərzləri, əmək məşğuliyyətləri və hər bir istifadəçinin protezlərə olan fərdi tələbləri nəzərə alınaraq onlar üçün uyğun və yüksək keyfiyyətli protezlər tətbiq olunacaq.

 

Biz Heydər Əliyev Fondunun əməkdaşları ilə birlikdə layihənin tətbiqi mərhələlərini müəyyənləşdirmiş, hər bir mərhələ üzrə tələb olunan işləri yüksək səviyyədə həyata keçirərək, layihəni uğurla başa çatdıracağıq.

 

Hörmətli Mehriban xanım, biz əlimizdən gələni edəcəyik ki, bu mərhələlər üzrə qarşımızda duran vəzifələri qısa müddətdə yerinə yetirək.

 

İndi isə icazənizlə həmin protezlərin texniki göstəricilərini və istifadəçiyə verə biləcəyi faydaları diqqətinizə çatdırmaq istərdim. İlk təqdim edəcəyimiz nümunə dizaltı amputasiyalar üçün uyğun olan, Almaniyanın “Ottobock” şirkətinə məxsus dizaltı harmonik P3 aktiv vakuum sistemli protezlərdir. Harmonik P3 aktiv vakuum sistemli protez ayağın amputasiya olunmuş hissəsi ilə hərəki uyğunluq yaradır. Bunun sayəsində protezlə ayaq bir-birinə maksimum uyğunlaşmış olur.

 

Dizüstü protezin diz oynağının daxilində yüksək həssaslığa malik iki sensor vardır. Hərəkət zamanı yer səthindən ayrılmış hərəki siqnallar bu sensorlar vasitəsilə mikroprosessor idarəetmə sisteminə ötürülür. Beləliklə, insanın hərəkəti zamanı dəyişik zəminlərə uyğunlaşma təmin edilir.

 

BeBionik əl protezində isə iki ədəd həssas elektrod vardır. Beyindən alınan hərəki siqnallar həmin elektrodlar vasitəsilə mikroprosessor idarəetmə sisteminə ötürülür ki, bu da praktikada istifadəçinin əl hərəkətlərini tənzimləməyə imkan verir.

 

Bu protezlərin tətbiqi əsgər və zabitlərimizin fəal həyat tərzinin təmin olunmasına şərait yaradacaq.

 

Sonda xatirə şəkli çəkdirildi.


FOTO

VİDEO

Paylaş: