1.JPG
3 avqust 2017

Heydər Əliyev Fondunun dəstəyi ilə Bakının uşaq evlərinin sakinləri Moskvaya səfər ediblər

Heydər Əliyev Fondunun dəstəyi ilə Bakının 1, 2 və 3 saylı uşaq evlərinin bir qrup sakinləri üçün Moskvada yay istirahəti proqramı təşkil olunub.

 

İyulun 26-dan avqustun 3-dək davam edən səfər müddətində Rusiyanın «Bizim ev» Ailə tərbiyəsinə kömək Mərkəzinin qonağı olan 8-13 yaşlı bakılı uşaq və yeniyetmələr Moskvanın müxtəlif görməli yerlərini ziyarət edib, bir-birindən fərqli istirahət və əyləncə proqramında iştirak ediblər.

 

Məktəblilər Moskva zooparkına səfər edərək Avropanın qədim heyvanxanalarından biri ilə tanış olublar.  Bakıdakı uşaq evinin sakinləri, həmçinin «Poklonnaya qora»nı ziyarət ediblər. Qonaqlara parkın tarixi barədə geniş məlumat verilib.

 

«Moskva City» kompleksində mühahidə meydançasında olan məktəblilər buradan paytaxtın gözəl mənzərəsini seyr ediblər.

 

Qızıl meydan və «Aleksandr bağı»na səfər uşaq evlərinin sakinlərində gözəl təəssüratlarla yadda qalıb. Azyaşlı qonaqlar çayda gəzintiyə də çıxıblar. Rusiyanın əsas okeanariumu-«Moskvarium»da dəniz heyanlarının şousu isə onlarda böyük marağa səbəb olub.

 

Tarixi və müasir turizm yerləri barədə maraqlı və ətraflı məlumatlarla müşayiət olunan hər bir gəzinti uşaqlarda gözəl anlar yaşadıb.

 

«Bizim ev» mərkəzinin təşkil etdiyi piknikdə rus mətbəxinin təamlarını dadan uşaqlar həm də «Azərbaycan mətbəxi gecəsi»ndə plov, dolma, qutab və milli mətbəximizin digər ləziz nümunələrini hazırlayıblar.

 

Maraqlı mədəni və əyləncə proqramından məmnunluqlarını ifadə edən uşaqlar səfərin təşkilinə görə Heydər Əliyev Fonduna və gözəl qonaqpərvərlik göstərən «Bizim ev» mərkəzinə təşəkkür ediblər.

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və vitse-prezidenti Leyla Əliyevanın Azərbaycandakı uşaq evlərinin sakinlərinin təlim-tərbiyəsində, ailə sevgisi ilə əhatə olunmasında rolu xüsusi qeyd edilib. Uşaq evlərinin Fond tərəfindən daim dəstək və qayğı ilə əhatə olunduğu, valideyn himayəsindən məhrum şəxslərin təhsili, onların asudə vaxtlarının təşkilinə xüsusi əhəmiyyət verildiyi bildirilib.

 

Heydər Əliyev Fondu tərəfindən bu dəfə Moskvada təşkil olunan proqram isə gözəl istirahət, uşaqların dünyagörüşünün artırılması və yeni dostlar qazanmağa imkan yaradıb.


FOTO

Paylaş: