1 mart 2005

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfirlərinin illik iclasında iştirak edəcək

Xoşməramlı səfir, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban xanım Əliyeva martın 3-4-də Parisdə, YUNESKO-nun xoşməramlı səfirlərinin illik iclasında iştirak etmək üçün Fransa paytaxtına yola düşmüşdür. Mehriban xanım Əliyevanın Parisə səfəri böyük maraq doğurur.


YUNESKO-dan verilən məlumata görə, illik iclasda dünyanın bir sıra görkəmli ictimai-siyasi, elm və mədəniyyət xadimləri, o cümlədən Mstislav Rostropoviç, Monserrat Kabalye, Mərakeşin şahzadəsi Lalla Məryəm, Lüksemburqun hersoginyası Mariya Tereza, habelə Ömər Zülfü Livanelli, Zurab Sereteli və digər xoşməramlı səfirlər də iştirak edəcəklər.

 

İclasda təhsilin davamlı inkişafda rolu və onun hamıya müyəssər olması, təbii fəlakətlər zamanı YUNESKO-nun fəaliyyəti və bir sıra digər məsələlər müzakirə olunacaqdır.

 

YUNESKO-nun baş direktoru Koiçiro Matsuuranın giriş nitqindən sonra təhsilin davamlı inkişafda roluna həsr olunmuş ongünlüyün təqdimatı keçiriləcəkdir.

 

Sonra YUNESKO-nun xoşməramlı səfirləri bu təşkilatın Hökumətlərarası Okeanoqrafiya Komissiyası tərəfindən hazırlanmış və 2007-ci ildə istifadəyə veriləcək Sunamiyə qarşı xəbərdarlıq sistemi ilə tanış olacaqlar.

 

Mehriban xanım Əliyeva illik iclasda çıxış edəcək, gündəlikdəki məsələlərlə əlaqədar ölkəmizdə görülən mühüm işlər barədə ətraflı məlumat verəcək, habelə bir sıra görüşlər keçirəcəkdir.

 

YUNESKO Mehriban xanım Əliyevanın Azərbaycanda və Qafqaz regionunda mədəni irsin qorunmasında, təhsilin və idmanın inkişafında xidmətlərini yüksək qiymətləndirir. Bu beynəlxalq təşkilat Azərbaycan Prezidentinin xanımının fəaliyyətinə böyük diqqət yetirir. YUNESKO-nun saytında Mehriban xanım Əliyeva haqqında xüsusi səhifə açılmış, onun gördüyü işlər barədə geniş informasiya, habelə xoşməramlı səfir adının verilməsi mərasiminə dair xəbər, fotoşəkillər yerləşdirilmişdir.