01_opera-balet-yeni-movsum-achilish.jpg
18 sentyabr 2013

Üzeyir Hacıbəyli V Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub

Sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli V Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.


Eyni gündə Opera və Balet Teatrı 105-ci teatr mövsümünü açıb. Hər iki əlamətdar hadisəyə Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşası ilə başlanılıb.


Mərasimdə çıxış edənlər Üzeyir Hacıbəylinin Tanrının Azərbaycan xalqına bəxş etdiyi misilsiz bir töhfə olduğunu bildiriblər, onun yaradıcı irsini təkcə öz xalqı üçün deyil, bütün bəşəriyyət üçün çox dəyərli mənəvi sərvət adlandırıblar.


2009-cu ildən başlayaraq ölkəmizdə hər il dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş beynəlxalq musiqi festivalları keçirilir. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər.


Gecədə sənətsevərlərə təqdim olunan “Arşın mal alan” tamaşasının musiqi rəhbəri və dirijoru Xalq Artisti Cavanşir Cəfərov, quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Əməkdar İncəsənət Xadimi Əyyub Fətəliyevdir.


Səhnə əsrində əsas rollarda xalq artistləri Ramiz Əzizbəyli, Şahlar Quliyev, əməkdar artistlər Gülyaz Məmmədova, Gülüstan ƏIiyeva, Fidan Hacıyeva, gənc solistlər Afaq Abbasova və Fərid Əliyev və başqaları çıxış edirlər.


Festival sentyabrın 28-dək davam edəcək.


FOTO