28 sentyabr 2014

Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı başa çatıb

Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı sentyabrın 28-də başa çatıb.

 

Festivalın sonuncu günü Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında V.A.Motsartın “Fiqaronun toyu” operasının premyerası olub.

 

Səhnə əsərinin dirijoru Prezident mükafatçısı, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.

 

Baş rolları Belarusun Əməkdar Artisti Vladimir Qromov, Ukraynanın Əməkdar Artisti Dmitri Qrişin, Əməkdar Artist, Prezident mükafatçısı İnarə Babayeva, Əməkdar artistlər Fəridə Məmmədova və Əkrəm Poladov, eləcə də aktyorlar İlham Nəzərov, Tural Ağasıyev ifa ediblər.

 

Sentyabrın 18-dən başlanan Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalında 11-dən çox xarici ölkənin dünyaca məşhur kollektivləri iştirak edib. Bu müddətdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, kamera və orqan musiqisi zalında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Bəstəkarlar İttifaqında, Bakı Musiqi Akademiyasında və digər konsert salonlarında dahi Üzeyir Hacıbəylinin, Azərbaycan klassik musiqisinin digər nümayəndələrinin, dünya şöhrətli bəstəkarların əsərləri həm yerli, həm də xarici ölkələrinin musiqiçilərinin ifasında təqdim olunub.

 

Festival çərçivəsində, həmçinin M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən dahi bəstəkarın həyat və yaradıcılığını əhatə edən sərgi və “Üzeyir Hacıbəyli – müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi” adlı elektron məlumat bazasının təqdimatı keçirilib, Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən “Türk xalqlarının musiqisi ortaq dəyərlər müstəvisində” mövzusunda elmi-praktik konfrans təşkil olunub, “Ensiklopediya azerbaydjanskoqo muqama” kitabı təqdim edilib.