22 mart 2010

Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin və Heydər Əliyev Fondunun bu ölkədəki nümayəndəliyinin dəstəyi ilə Buxarestdə Novruz bayramı qeyd olunub

Azərbaycanın Rumıniyadakı səfirliyindən bildirmişlər ki, martın 21-də səfirliyin və Heydər Əliyev Fondunun bu ölkədəki nümayəndəliyinin dəstəyi ilə Buxarestdə Novruz bayramı qeyd olunmuşdur.


Tədbirdə səfir Eldar Həsənov Novruz bayramının Azərbaycan xalqının adət və ənənələri arasında özünəməxsus yer tutduğunu, Novruzun xalqımızın bütün varlığını özündə cəmləşdirən bayram olduğunu iştirakçıların diqqətinə çatdırmışdır. Səfir, bu yaxınlarda BMT Baş Assambleyasında qəbul olunmuş “Beynəlxalq Novruz günü” qətnaməsinin Azərbaycan tərəfindən irəli sürülməsinin təsadüfi olmadığını və qətnamənin əsasında martın 21-nin Beynəlxalq Novruz günü elan edildiyini bildirmişdir. Səfir, həmçinin bu bayramın qeyd olunduğu dövlətlərdə Novruzla bağlı mədəni irsin və ənənələrin qorunması və inkişafı istiqamətində aparılan işləri alqışlamış, qeyd olunan bayramın mənşəyinin və tarixinin öyrənilərək beynəlxalq ictimaiyyətə tanıdılmasının vacibliyini vurğulamışdır.

 

Mərasimdə iştirakçılara Novruz bayramı haqqında ətraflı məlumat verilmişdir.


Sonra Azərbaycan Dövlət Muğam Teatrının solisti Sədaqət Quluyeva və onu müşayiət edən musiqi qrupunun, həmçinin Rumıniyanın tanınmış musiqiçisi Marçel Pavelin iştirakı ilə bayram konserti olmuşdur.

 

Tədbirdə Rumıniyanın Baş naziri Emil Bok, parlament sədrinin birinci müavini İoan Oltean, Rumıniya Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fota, digər yüksək səviyyəli rəsmilər, tanınmış din, mədəniyyət və incəsənət xadimləri, Buxarest şəhərində akkreditə olunmuş xarici ölkələrin səfir və diplomatları, Heydər Əliyev Fondunun bu ölkədəki nümayəndəliyi, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Ticarət Palatasının üzvləri, ARDNŞ-nin Rumıniyadakı nümayəndəliyinin əməkdaşları, burada yaşayan həmvətənlərimiz, o cümlədən bu ölkədə təhsil alan tələbələrimiz və s. iştirak etmişlər.

 

Qeyd edək ki, martın 20-də müğənni Sədaqət Quluyevanın iştirakı ilə Rumıniyada yaşayan İran azərbaycanlıları da Novruz bayramı ilə bağlı təntənəli tədbir keçirmişlər.