3 sentyabr 2010

Heydər Əliyev Fondunun dəstəyi ilə valideyn himayəsindən məhrum olmuş azərbaycanlı uşaqlar Gürcüstana səfər ediblər

Məlumat verildiyi kimi, Azərbaycan və Gürcüstanın birinci xanımları Mehriban Əliyeva və Sandra Rulovs valideyn himayəsindən məhrum olmuş uşaqların qarşılıqlı səfərlərinin təşkil olunması təşəbbüsünü irəli sürmüşlər.

 

Artıq təşəbbüs reallaşmış və Azərbaycan Respublikasından olan uşaqlar Gürcüstana, gürcüstanlı uşaqlar isə Azərbaycana səfər etmişlər. Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev Gürcüstana ongünlük ekskursiyaya gəlmiş uşaqlarla sentyabrın 3-də İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetindəki “Azərbaycanın dostları klubu” auditoriyasında görüşmüşdür. Səfir demişdir ki, ulu öndərin adını daşıyan Fondun dəstəyi və səfirliyin təşəbbüsü ilə yaradılmış auditoriyada sizi salamlamaqdan məmnunluq duyuram. Bu auditoriyada çoxlu maraqlı tədbirlər keçirilmişdir və keçirilir. Azərbaycan və Gürcüstan dövlətləri arasında tarixi dostluq münasibətləri əsrin qlobal layihələrinin Gürcüstan ərazisindən keçməklə reallaşmasına səbəb olmuşdur və daha bir layihə - Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə davam etdirilir. Bu layihələr üç qonşu dövlət –Azərbaycan, Türkiyə və Gürcüstanın iqtisadi inkişafına mühüm töhfədir.

Azərbaycan-Gürcüstan münasibətləri ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində inkişaf edib strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Ulu öndər Gürcüstanla münasibətlərə xüsusi əhəmiyyət verirdi və bu münasibətlər indi çox intensiv inkişaf etdirilir. Siz Tbilisi şəhəri ilə tanış olduqda, yəqin ki, bunu əyani şəkildə gördünüz. Burada Azərbaycanla bağlı çoxlu gözəl yerlər vardır. Şəhərin qədim məhəlləsində, gözəl bir guşədə Heydər Əliyevin büstü qoyulmuşdur. Kürün sahilində böyük bir küçəyə ulu öndərin adı verilmişdir. Nəbatat bağında Azərbaycanın ictimai-siyasi xadimlərinin məzarları vardır. Heydər Əliyev Fondunun dəstəyi ilə burada geniş abadlıq işləri aparılmışdır. M.F.Axundzadənin, C.Məmmədquluzadənin ev-muzeyləri fəaliyyət göstərir. Əminik ki, N.Nərimanovun ev-muzeyi də bərpa olunacaqdır.

 

Səfirliyimiz üçün geniş sahə ayrılmış və yeni binanın tikintisinə başlanmışdır. Azərbaycan məktəbi, məscid də ulu öndərin büstü yerləşən məhəllədədir. Bir sözlə, burada siz qəribsəməyəcək, səmimiyyət və mehribançılıq görəcək, səfərdən razı qalacaqsınız.

 

Bu layihənin təşkilatçılarına – Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, Gürcüstanın birinci xanımı Sandra Rulovsa belə bir xeyirxah layihəyə görə təşəkkür edirəm və bunun gələcəkdə də davam etdiriləcəyinə əminəm. Bu, iki ölkə gənclərinin istirahətinin təşkili ilə yanaşı, həm də onların bir-biri ilə yaxından tanış olub dostluq əlaqələri yaratmalarına gətirib çıxaracaqdır. Həmin əlaqələr də gələcək münasibətlərin qurulmasında müsbət rol oynayacaqdır.

 

İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin humanitar fakültəsinin dekanı Darecan Tvaltvadze azərbaycanlı uşaqları salamlamış, onların Gürcüstanı səyahətdən razı qalacaqlarına əmin olduğunu bildirmişdir. O, qonaqlara universitetin tarixi barədə məlumat vermiş , bu təhsil ocağının ölkənin ən qədim və böyük təhsil müəssisəsi olduğunu, universitetdə 18 mindən çox tələbənin təhsil aldığını bildirmişdir. Dekan tarixi Azərbaycan-Gürcüstan dostluğundan danışmış, Bakıya səfərini, burada gördüyü səmimiyyəti xatırlamışdır. “Gürcüstan-Azərbaycan dostluğu iki xalqın səmimi münasibətinə söykənir və buna görə də bütün sınaqlardan həmişə şərəflə çıxmışdır və çıxacaqdır”, - deyən Darecan Tvaltvadze Heydər Əliyev Fondunun dəstəyi ilə universitetdə yaradılmış auditoriyanın bunun əyani təzahürü olduğunu vurğulamışdır.

 

Sonra səfir N.Əliyev uşaqlara hədiyyələr vermiş, qonaqlar isə diplomata özlərinin toxuduğu və Azərbaycan Respublikasının bayrağı ilə gerbi əks olunmuş kiçik xalçalar təqdim etmişlər.

 

Uşaqlar səfər barədə məlumat vermiş, belə bir təşəbbüsə görə hər iki ölkənin birinci xanımlarına təşəkkürlərini bildirmişlər.

 

Həmin gün azərbaycanlı uşaqlar Gürcüstanın birinci xanımı Sandra Rulovsla görüşmüşlər. S.Rulovs uşaqlara uğur diləmişdir.

 

Qonaqlar səmimi qəbul üçün Sandra xanım Rulovsa təşəkkür etmişlər.