26 avqust 2010

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Salyan rayonunda tənha, aztəminatlı və əlil ailələr üçün 150 evdən ibarət yeni şəhərcik salınır

Salyanda 150 aztəminatlı ailə 2011-ci ili yeni mənzillərdə qarşılayacaqdır. Heydər Əliyev Fondu bu ailələrin həyatında yeni bir səhifə açır. Belə ki, Heydər Əliyev Fondunun daha bir layihəsi Salyan rayonunda həyata keçirilir. Fondun təşəbbüsü ilə bu rayonda tənha, aztəminatlı və əlil ailələr üçün 150 evdən ibarət yeni şəhərcik salınır.


Şəhərciyin salınmasına 4 ay əvvəl başlansa da, tikinti işlərinin təxminən 70-80 faizi artıq görülmüşdür. Heydər Əliyev Fondunun bu humanitar aksiyası nəticəsində Salyanda tənha, imkansız və əlil ailələri evlə təmin olunacaqlar. Şəhərcikdə 150 evin tikintisi nəzərdə tutulmuşdur. Bunlardan 30-u üçotaqlı, 120-i isə ikiotaqlıdır. Hər bir ev üçün 0,3 və 0,6 hektar həyətyanı sahə də ayrılacaqdır. Evlər artıq ailələr arasında bölüşdürülmüşdür. Ev sahibləri tikinti prosesini izləyə bilir və görülən hər bir işin sevincini yaşayırlar. Öz ev-eşiklərinin olması onlara bir möcüzə kimi görünür. Evsiz-eşiksiz, kirayənişin yaşayan bu insanlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və onun xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya minnətdarlıq edirlər.

 

Şəhərcikdə uşaq bağçası, tibb məntəqəsi, ticarət mərkəzi və digər sosial obyektlər də inşa olunacaqdır. Qaz, su, elektrik və digər kommunikasiya xətlərinin çəkilişi də layihələndirilmişdir. Artıq işlərin icrasına başlanmışdır. Beton dirəklər basdırılır, elektrik xətləri çəkilir. Tikinti işləri bu ilin sonunadək başa çatdırlacaq və ailələr 2011-ci ili yeni mənzillərdə qarşılayacaqlar.