31 avqust 2010

Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum yeniyetmələrlə bağlı növbəti layihəyə başlayır

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın və Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofsun birgə təşəbbüsü ilə mədəni proqram çərçivəsində hər iki ölkənin valideyn himayəsindən məhrum yeniyetmələrinin qarşılıqlı səfərləri həyata keçiriləcəkdir.


Gürcüstanın 20 nəfərlik nümayəndə heyəti sentyabrın 1-də Bakıda qarşılanacaqdır. Dost ölkənin qonaqları əvvəlcə Şəhidlər xiyabanını və Fəxri xiyabanı ziyarət edəcək, Heydər Əliyev Fondunda görüşdən sonra proqramda nəzərdə tutulduğu kimi, Azərbaycanın tarixi-mədəni və görməli yerləri ilə tanış olacaqlar.

 

Gürcüstanlı yeniyetmələr İçərişəhər, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, Qobustan kimi tarixi yerlərə, eləcə də Müasir İncəsənət Muzeyinə ekskursiyalar edəcək, 1 saylı uşaq evinin yay düşərgəsində həmyaşıdları ilə tanış olacaqlar.


On günlük proqram çərçivəsində nümayəndə heyəti Qəbələ, Şəki və İsmayıllı rayonlarına da gedəcəklər. Qonaqlar Azərbaycanın təbiəti və regionlarının həyatı ilə daha yaxından tanış olacaq, tarixi yerlərə səyahət edəcəklər. Fəal istirahət məqsədilə yeniyetmələr arasında asudə vaxtın maraqlı təşkili və idman yarışları nəzərdə tutulur.

 

Ölkələrarası razılaşmaya görə, azərbaycanlı yeniyetmələrdən ibarət nümayəndə heyətinin Gürcüstana səfəri noyabrda həyata keçiriləcəkdir.