18 noyabr 2010

Heydər Əliyev Fondu tərəfindən Şamaxılılara daha bir hədiyyə

Azərbaycanın bütün regionlarında, o cümlədən Şamaxıda irihəcmli infrastruktur layihələri həyata keçirilir və bu layihələr bölgənin sosial-iqtisadi, mədəni həyatında böyük dəyişikliklərə, insanların həyat səviyyəsinin daha da yaxşılaşmasına səbəb olur.


Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində reallaşdırılan bu layihələr Prezident İlham Əliyevin digər bölgələr kimi, Azərbaycanın qədim tarixinin, zəngin maddi-mədəni dəyərlərinin bariz nümunəsi olan Şamaxıya göstərdiyi diqqət və qayğının parlaq nəticəsidir. Bu sahədə, əlbəttə, Heydər Əliyev Fondu da rayonda çox işlər görür.

 

Bu sözlər Heydər Əliyev Fondunun Şamaxıda keçirilən “Təmiz şəhər, rahat nəqliyyat” layihəsinə verdiyi növbəti dəstəklə əlaqədər təşkil olunmuş təqdimat mərasimində səsləndirilmişdir.

 

Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Nazim İsmayılov bildirmişdir ki, son illərdə rayonda təkcə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 780 şagird yerlik 5 yeni məktəb binası tikilib istifadəyə verilmiş, 480 yerlik texniki, humanitar, təbiət fənləri üzrə liseyin, 200 şagird yerlik Qaleybuğurd kənd orta məktəbinin binaları əsaslı təmir edilmişdir. Keçən il Fondun təşəbbüsü və dəstəyi ilə Şahmat məktəbi yüksək səviyyədə əsaslı təmir edilərək müasir inventar və avadanlıqla təchiz olunmuşdur. Hazırda Heydər Əliyev Fondunun təşəbbüsü ilə qədim Şamaxı məscidi əsaslı təmir və bərpa edilərək yenidən qurulur, habelə Uşaq İncəsənət Məktəbi üçün yeni bina tikilir. Ötən il Fondun vəsaiti ilə gənc məcburi köçkün ailələri üçün 16 mənzilli yeni yaşayış binası da tiklib istifadəyə verilmişdir.

 

Keçən ilin dekabrında ictimai nəqliyyatın yaxşılaşdırılması məqsədi ilə Fond tərəfindən rayona xaricdə istehsal edilmiş 4 avtobus hədiyyə olunmuşdu. Müqəddəs Qurban bayramı ərəfəsində isə Heydər Əliyev Fondu rayonda keçirilən “Təmiz şəhər, rahat nəqliyyat” layihəsinə dəstək olaraq müasir tipli 2 avtobus, məişət tullantıları daşıyan 3 avtomobil bağışlamışdır. Avtobuslar əhalinin Sabir qəsəbəsinə, yeni istifadəyə verilmiş Diaqnostika Mərkəzinə, avtovağzala, “Az Samand” zavoduna və digər yerlərə asan və rahat gediş-gəlişinə imkan yaradacaqdır.

 

Tədbirdə çıxış edən digər natiqlər bütün bunlara görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər. Natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahələrdə qazanılan böyük uğurlardan iftixar duyduqlarını bildirmiş, Azərbaycanın bütün sahələrdə daha da inkişafı və çiçəklənməsi naminə şamaxılıların bundan sonra dövlətimizin başçısının ətrafında sıx birləşərək var qüvvə ilə çalışacaqlarını söyləmişlər.

 

Tədbirdə Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev çıxış edərək Fondun prezidenti Mehriban xanım Əliyevanın şamaxılılara salamını və bayram təbriklərini çatdırmışdır.

 

Sonda Heydər Əliyev Fondu tərəfindən göndərilən avtomaşınların açarları sürücülərə təqdim edilmişdir.