18 dekabr 2010

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tbilisidə xeyriyyə aksiyası keçirilib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tbilisidə xeyriyyə aksiyası keçirilmişdir.


Fondun təşəbbüsü, Azərbaycanın Gürcüstandakı səfirliyi və Gürcüstan İş Adamları Birliyinin təşkilatçılığı ilə 1 nömrəli uşaq evində keçirilən tədbirdə müxtəlif millətlərin nümayəndələri öz bacarıqlarını nümayiş etdirmişlər.

 

Uşaq evinin direktoru Leyla Merabaşvili xeyriyyəçilik məqsədilə məktəbə gələn qonaqlara və Heydər Əliyev Fonduna, səfirliyin əməkdaşlarına minnətdarlığını bildirərək demişdir: “Bu uşaqların hər zaman diqqətə və qayğıya ehtiyacı vardır. Biz Heydər Əliyev Fonduna göstərdiyi diqqətə və hədiyyələrə görə təşəkkür edirik”.

 

Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Şövqi Mehdizadə bildirmişdir ki, əsas məqsəd belə bir həssas kateqoriyaya aid olan uşaqlara qayğı göstərməkdir. Eyni zamanda, bu uşaqlarda Azərbaycan, onun mədəniyyəti, tarixi haqqında bilikləri daha da artırmaqdır ki, onlar böyüyəndə iki ölkənin dostluğunun möhkəmlənməsinə töhfələrini versinlər.

 

Uşaqlara gürcü dilində ensiklopediya, dərsliklər və bayram hədiyyələri verilmişdir.

 

Sonda Tbilisidə fəaliyyət göstərən “Ceyran” rəqs ansamblının üzvləri gürcü və Azərbaycan rəqslərini ifa etmişlər.