27 dekabr 2010

Heydər Əliyev Fondunun dəstəyi ilə Tbilisidə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycanın Gürcüstandakı səfirliyinin və Azərbaycanlı İş Adamları Birliyinin (AZİAB) təşkilatçılığı ilə Tbilisidə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilmişdir. Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Şövqi Mehdizadə mərasim iştirakçılarını təbrik etmiş, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilən belə tədbirlərin gələcəkdə ənənəvi hal alacağını, azərbaycanlıların məskunlaşdığı digər bölgələrdə də təşkil olunacağını bildirmişdir. O qeyd etmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəylik Günü azərbaycanlıların birliyinin möhkəmlənməsində mühüm rol oynamışdır. Ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də dünya azərbaycanlılarına müraciətində hamımızı birliyə, həmrəyliyə çağırmışdır. Gürcüstanda yaşayan azərbaycanlılar əmindirlər ki, bizim möhkəm birliyimiz nəticəsində Azərbaycanımızın qüdrəti daha da artacaqdır.


AZİAB-in icraçı direktoru Qaratel Allahverdiyeva çıxışında Gürcüstandakı azərbaycanlılar adından göstərilən diqqət və qayğıya, bu cür tədbirlərin təşkilinə görə, Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıq etmişdir.

 

Sonra tədbir bayram konserti ilə davam etmişdir.

 

Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının aktyorlarının hazırladıqları “Yeni il nağılı” tamaşası maraqla qarşılanmışdır.