27 dekabr 2010

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Moskvada və ölkənin 13 regionunda xeyriyyə aksiyaları keçirib

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) və Ümumrusiya Azərbaycan Konqresi ilə birlikdə Moskvada və Rusiyanın bir sıra regionlarında Yeni il bayramı ərəfəsində irimiqyaslı xeyriyyə aksiyaları keçirilmişdir.


Yeni il ərəfəsində Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları və RAGT-ın üzvləri Moskvanın bir neçə uşaq evində, bərpa mərkəzində olmuşlar. Uşaqlar üçün Şaxta baba, Qar qız və digər nağıl qəhrəmanlarının iştirakı ilə bayram tədbirləri təşkil olunmuşdur.

 

Xeyriyyə aksiyaları Moskvanın 43 və 11 nömrəli bərpa mərkəzlərində, 12 nömrəli uşaq evində, Rusiya Tibb Elmləri Akademiyasının B.V.Petrovski adına Elmi Cərrahiyyə Mərkəzində, habelə “Yujnoye Butovo” əlil uşaqların Sosial Reabilitasiyası Mərkəzində keçirilmişdir. Yaxın günlərdə 48 nömrəli uşaq evində və 7 nömrəli uşaq evi-internatda da bu cür aksiyalar təşkil ediləcəkdir.

 

Qayğıya və diqqətə ehtiyacı olan uşaqlara Leyla xanım Əliyevanın Yeni il bayramı münasibətilə təbrikləri çatdırılmış, Şaxta babanın və digər nağıl qəhrəmanlarının iştirakı ilə maraqlı bayram proqramından sonra hədiyyələr təqdim olunmuşdur.

 

Hədiyyə zənbilinə şərq şirniyyatı, meyvələr, geyim, kitablar qoyulmuşdu. Uşaq evlərindən birinə televizor, digərlərinin hər birinə kompyuter, musiqi mərkəzi, MP-3 pleyerlər hədiyyə edilmişdir. Heydər Əliyev Fondu tərəfindən Bakıdan göndərilmiş şirniyyatlar da uşaqların sevincinə səbəb olmuşdur.

 

Rusiyanın digər regionlarında – Sankt-Peterburqda, Yekaterinburqda, Vladimir, Tula, Kaluqa, Tver, Kirov, Voronej, Çelyabinsk, Lipetsk, Tümen, Yaroslavl vilayətlərində, habelə Udmurtiyada da bu cür xeyriyyə aksiyaları keçirilmişdir.

 

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi belə xeyriyyə aksiyalarını tez-tez keçirir. Bu aksiyalar Fondun fəaliyyətinin və iş istiqamətlərindən birinin məntiqi davamıdır. Heydər Əliyev Fondunun nümayəndəliyi artıq 4 ildir Rusiyada xeyriyyə aksiyaları keçirir, valideyn himayəsindən məhrum uşaqlar, xəstə körpələr üçün nağılları reallığa çevirir.

 

Aksiyalarda Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları ilə yanaşı Leyla Əliyevanın bir il əvvəl yaratdığı Rusiya Azərbaycanlı Gənclər Təşkilatının üzvləri də fəal iştirak edirlər.

 

Fondun aksiyalarının keçirildiyi uşaq evlərinin rəhbərləri ilk növbədə mənəvi dəstəyə ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya minnətdarlıqlarını bildirmişlər. Onlar vurğulamışlar ki, bu cür xeyriyyə aksiyaları xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə kömək edir. Uşaqların sevinci isə bu tədbirlərin təşkilatçıları üçün ən böyük mükafatdır.