DSC03593.jpg
12 mart 2013

Daun sindromlu uşaqların Polşaya səfəri təşkil olunub

Heydər Əliyev Fondu və Polşanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə Azərbaycandan olan daun sindromlu uşaqların və onların valideynlərinin Krakova səfəri təşkil olunub.


Səfər çərçivəsində uşaqlar Krakov şəhəri ilə tanış olublar, müxtəlif turnirlərdə çıxış ediblər, onların iştirakı ilə idman yarışları keçirilib, uşaqların Krakov Şokolad Fabriki və Krakov Radiosuna səyahətləri təşkil olunub. Uşaqlar Ventskovitsada autizm xəstəliyyindən əziyyət çəkən insanlar üçün Həyat Ferması, Brat Albertin və Anna Dımnanın “Mimo Wszystko” (Heç nəyə baxmayaraq) Fondlarının terapiya seminarlarında da iştirak ediblər.


Daun sindromlu şəxslərin Assosiasiyasının “DƏCƏLLƏR” teatrı “Albertiana 2013” Teatr-Musiqi Yaradıcılığı Festivalının xüsusi qonaqları kimi Krakovda Yuliuş Slovatski adına teatrda çıxış edib.


Səfərin təşkilində Anna Dımnanın “Mimo Wszystko” (Heç nəyə baxmayaraq) Fondu və Brat Albert adına Fond da yaxından iştirak edib.


Qeyd edək ki, 2012-ci ilin dekabrında Polşa Respublikasının Azərbaycandakı Səfirliyi Daun Sindromlu Şəxslərin Assosiasiyasında bir sıra məşğələlər və kurslar təşkil etmişdi. İki həftə ərzində Anna Dımnanın “Heç nəyə baxmayaraq” (Mimo Wszystko) Fondunun terapevtləri Bakıda uşaqlar, onların valideynləri və yerli tələbələr ilə məşğələlər keçirmişdilər.


FOTO