P9150515.jpg
5 noyabr 2010

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi Kluj-Napoka şəhərindəki Ahıllar üçün Qayğı və Yardım Mərkəzinə humanitar yardım edib

5 noyabr 2010-cu il tarixində Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin və Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin təşəbbüsü ilə Rumıniyanın Kluj-Napoka şəhərindəki Ahıllar üçün Qayğı və Yardım Mərkəzinə humanitar yardım aksiyası həyata keçirilib. Mərkəzin pasiyentlərinin hər birinə ərzaq, yataq və geyim dəstləri, dərman preparatları, sanitar-gigiyena ləvazimatları və zəruri məişət texnikası təqdim edilib.


Qayğı və Yardım Mərkəzinin 130 sakini üçün nəzərdə tutulmuş humanitar yardımın təqdimetmə mərasimində Mərkəzin rəhbəri, doktor Liviu Popa çıxış edərək ömrünün ahıl yaşını yaşayan vətəndaşları unutmadığına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib, Fondun Kluj-Napoka Qayğı və Yardım Mərkəzinə yardımlarının birinci dəfə həyata keçirilmədiyini, bunun artıq bir ənənə halını aldığını xatırladıb.


Doktor L. Popa bildirib ki, Kluj-Napoka Qayğı və Yardım Mərkəzi Rumıniyanın qədim Transilvaniya bölgəsinin mərkəzlərindən hesab olunan bu tarixi şəhərdə dövlət tərəfindən yaşlı insanlara xidmət göstərən yeganə müəssisədir. O, demək olar ki, tamamilə dövlət büdcəsindən maliyyələşir. L. Popa Rumıniyada davam edən iqtisadi böhranın ahıllar evi üçün də təsirsiz ötüşmədiyini, tələbin çoxluğuna rəğmən, Mərkəzin yalnız məhdud sayda insanlara xidmət göstərə bildiyini söyləyib: “Burada sosial xidmət əməkdaşları və tibb bacıları tərəfindən gündəlik olaraq 130 ahıl insana yardım və qayğı göstərilir”.


Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev Mərkəzin əməkdaşlarına Heydər Əliyev Fondunun Rumıniyadakı humanitar fəaliyyəti haqqında məlumat verib, Fondun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən bundan sonra da Kluj-Napoka Qayğı və Yardım Mərkəzindəki ahıllara hərtərəfli diqqətin əsirgənilməyəcəyini bildirib.


FOTO