013.JPG
24 fevral 2011

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Qala qəsəbəsində turizm obyektlərində aparılan əsaslı tikinti və bərpa işlərinin gedişi ilə tanış olub

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva fevralın 24-də Qala qəsəbəsində turizm obyektlərində aparılan əsaslı tikinti və bərpa işlərinin gedişi ilə tanış olub.


Bildirildi ki, Heydər Əliyev Fondu qəsəbədəki gölün ətrafındakı ərazinin abadlaşdırılması layihəsini həyata keçirməyi nəzərdə tutur. Ərazidə yaşıllaşdırma işlərinin aparılması bu məkanda gələcəkdə müxtəlif tədbirlərin keçirilməsi, eləcə də muzey kompleksi kimi istifadə olunması üçün imkan yaradacaqdır.


Heydər Əliyev Fondunun prezidentinə məlumat verildi ki, bu ərazi uzun illər ərzində yığılmış neft tullantılarından təmizlənmişdir.


Qala kəndində Mehriban xanım Əliyeva qala divarlarının bərpası işləri ilə tanış oldu. Bərpa işlərinə ötən ilin yayında başlanmışdır. Qala qəsri tam bərpa olunmuşdur. XII-XIV əsrlərə aid Qala qəsri bir müddət məscid kimi də fəaliyyət göstərmişdir. Qəsrin altında aşkar edilən evlər, qəbirlər, digər tikili və əşyalar olduğu kimi bərpa edilərək Qala kompleksinin tərkib hissəsinə çevriləcəkdir. Yeraltı hissədə qədim dövrdə qayaaltı yaşayış yerləri, tunel, gizli yollar olmuşdur.


Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya İnstitutunun ekspediyası burada qazıntı işləri aparmış, tunc dövrünə aid olduğu bildirilən yeni tarixi əşyalar aşkar etmişdir. Beş min il tarixə malik qəsəbədə üçüncü minillikdən başlayaraq XX əsrə qədər tarixi olan kurqanlar, sərdabəlar, evlər, məqbərələr, məscidlər, hamamlar, qədim qəsrin qalıqları mövcuddur.


Qala kəndində “Qala” mis qablar və əntiq əşyalar muzeyinin inşası da aparılır. Muzeyin təməli ötən ilin iyununda qoyulmuşdur. Üçmərtəbəli muzey binası Şahid Həbibullayevin kolleksiyası əsasında qurulacaqdır. Hazırda mütəxəssislər ekspozisiyanın mövzusu üzərində işləyirlər. Muzey kompleksində emalatxanalar və ekspozisiya zalları olacaqdır.


Bu gün Qala kəndi Abşeron yarımadasında turistlərin diqqətini çəkən məkanlardan biridir. Bu səbəbdən burada restoranın inşası zərurətə çevrilmişdir. Mehriban xanım Əliyeva ərazidə tikilən restoran binasında inşaat işlərinin gedişi ilə tanış oldu.


Məlumat verildi ki, binanın birinci mərtəbəsində kafe, ikinci mərtəbəsində isə restoran fəaliyyət göstərəcəkdir.


Xəzər rayonunun digər qəsəbə və kəndləri kimi, Qala kəndinin də tarixi memarlıq incilərinin qorunub saxlanılması üçün genişmiqyaslı işlər görülür. Milli Məclisə Xəzər rayonundan deputat seçilən və seçicilərin etimadını layiqincə doğruldan Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində Qalada inşa edilən yeni obyektlər bu əraziyə turistlərin daha çox cəlb olunması işinə xidmət edir.


FOTO