1429270289506418876_750x500.jpg
17 aprel 2015

Moskvada “Azərbaycan muğamı ensiklopediyası”nın təqdimatı olub

P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Raxmaninov salonunda Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş “Azərbaycan muğamı ensiklopediyası”nın təqdimatı olub. Kitabın redaksiya kollegiyasının sədri və baş redaktoru Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır.


Təqdimat UNESCO nəzdində Beynəlxalq Musiqi üzrə Ənənəvi Şuranın (ICTM) iştirakı ilə təşkil edilmiş və Moskva Dövlət Konservatoriyasının 150 illiyinə həsr olunmuş “Dünya xalqlarının musiqisi: tədqiqat problemləri” VII Beynəlxalq elmi konfransı çərçivəsində keçirilib.


Azərbaycanın Əməkdar İncəsənət Xadimi, ensiklopediyanın müəllifi və tərtibçisi Sürəyya Ağayeva bu mühüm layihəyə misilsiz yardıma və dəstəyə görə Mehriban Əliyevaya minnətdarlığını bildirib.


S.Ağayeva nəşrin ümumi konsepsiyasından, strukturundan və buna qədər olan ensiklopediyalardan fərqindən danışıb. Onun sözlərinə görə, ensiklopediyada Azərbaycan və xarici musiqişünasların bir neçə nəslinin üzərində işlədiyi məlum baza informasiyası toplanıb və sistemləşdirilib. Nəşrdə qədim not yazılarının, orta əsrlərə dair traktatlardan ayrı-ayrı musiqi parçalarının, qədim musiqi alətlərinin, arxiv fotoşəkillərinin və s. təsvirləri olan çoxsaylı illüstrasiyalar yer alıb.


Tədbirdə Kembric Universitetinin (Böyük Britaniya) professoru Yurgen Elsner, ICTM-nin türk mədəniyyətləri musiqisinin öyrənilməsi üzrə tədqiqat qrupunun direktoru Raziyə Sultanova, ICTM-nin “Makam” tədqiqat qrupunun rəhbəri Aleksandr Cumayev (Özbəkistan), sənətşünaslıq doktoru Gültəkin Şamilli (Moskva), nəşrin redaktoru, “Bolşaya Rossiyskaya Ensiklopediya” nəşriyyatının musiqi redaksiyasının müdiri Olqa Frayonova çıxış ediblər. Ensiklopediyanın ingilis və ərəb dillərinə tərcümə edilməsi də tövsiyə olunub.


Sonda Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova çıxış edib. O, Heydər Əliyev Fondunun və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə işıq üzü görmüş “Qarabağ xanəndələri” disk və materiallar nəşrini Moskva Konservatoriyasının kitabxanasına hədiyyə edib.


Təqdimat mərasimi əməkdar artist Valeh Rəhimovun ifasında Azərbaycan muğamlarının səslənməsi ilə başa çatıb.


Paylaş: