152
bir hüdudsuzluq aşkarlanır. Praktiki olaraq bura hər şeyi, hər nə istəsən sığışdır-
maq mümkündür: müxtəlif mədəniyyətlərin musiqi ənənəsindən tutmuş avanqard-
çı bəstəkarların kompozisiya texnologiyalarına qədər... Növbəti mərhələdə caz-rok
və fyujn çoxplanlı və çoxlaylı kompozisiyaların yaradılmasından ötrü müəyyən çıxış
nöqtəsinə çevrilir. Özünün əsas keyfiyyətini, xassəsini, yəni improvizə başlanğıcını
itirmədən cazın dili getdikcə intensiv şəkildə zənginləşir, vərdiş edilməmiş sədalar
materialı ilə dolub daşır.
Yetmişinci illərin ortalarından etibarən sovet caz ustaları caz sənətinin yeni
istiqamətlərinə münasibətdə geriləməni aradan qaldırırlar. Caz-rok, fyujn sovet cazı-
nın bir sıra aparıcı mütəxəssislərini özünə cəlb edir. Aleksey Kozlov (indi artıq əfsanəvi
sayılan “Arsenal” ilə), Nikolay Levinovski (“Alleqro” ilə), bir qədər sonra Vyaçeslav
Qorski (“Kvadro” ilə), Gürcüstanda isə Tamaz Kuraşvili bu iki istiqamətin ötürücüləri və
təbliğatçıları oldular. Azərbaycanda Rafiq Babayev caz-rok üslubunda öz qüvvəsini sı-
nayırdı. Onun “Qara qaşın vəsməsi” və “Dur, gəl” kimi xalq mahnılarını yenidən işləyib
quraşdırması və dinləyicilərə təqdimi isə yetmişinci illərin ortalarında yox, əvvəllərində
(!)
baş verir. Bu o deməkdir ki, bu mahnıları sovet cazında ilkin caz-rok təzahürləri
sırasına aid etmək mümkündür. Bu o deməkdir ki, artıq 70-ci illərin lap başlanğıcında
caz-rok tendensiyaları Azərbaycandan da yan ötüşməmişdi və yerli musiqiçilər dün-
ya cazında gerçəkləşən bu hadisəni həməncə refleksiya eləmişdilər. Amma bir şey
maraqlıdır: bu təzə caz dalğasından Vaqif sanki bir qədər aralıda, bir qədər kənarda
qalır, hərçənd onun “Sevil”, “Zamanla bir addımlamaq”, “Gözlənilmədən” kimi kom-
pozisiyalarında caz-rok əlamətləri özünü göstərirdi.*
Yetmişinci illər o illərdir ki, bu zaman Vaqif öz tapıntılarını intensiv şəkildə sınayır və
möhkəmləndirir. Onun üslubu, ifa manerası, bütün dışarı əngəlləri və sədləri adlaya-
raq bəyənilirdi, alqışlanırdı, gənc musiqiçilər arasında geniş yayılırdı. Ona görə gərəkdi
ki, öncə öz mövqeyini əməllicə təsdiqləyəsən və daha sonra irəliləyəsən. Başqa bir
təhlükə də vardı: dəbin arxasınca kor-koranə gedib birbaşa təqlidçiliyin içinə yuvar-
lanmaq, öz dəst-xəttini itirmək olardı. Təcrübə isə öyrətmişdi: tələsmə, yalnız o şeyləri
öyrənib seç ki, yaradıcılıq üçün məqbul və yararlı ola bilər. Təcrübə onu da öyrətmişdi
ki, heç bir iş, hətta ən perspektivlisi belə, uzunmüddətli sınaqlardan, daxili düşüncə və
şübhələrdən, aylarla davam edən məşqlərdən keçməmiş alaçiy bir vəziyyətdə tama-
şaçıların mühakiməsinə çıxarılmamalıdır.
Vaqif üçün çox önəmli idi ki, tapdığı, yaratdığı, üstündə əsdiyi hər bir nəsnə onun
musiqiçiləri tərəfindən onları birləşdirən və bir-birinə bağlayan ümumi bir ideyanın
*
Yadımdadır, 1976-cı ildə konservatoriya-
nın birinci kursunda oxuyurdum və unut-
muşam, ya Kiyev, ya da Xarkov konfransı
üçün “Azərbaycan cazının tarixi” mövzu-
sunda bir məruzə hazırlayırdım. Bununla
əlaqədar bir neçə dəfə Vaqiflə görüşdüm
və söhbətlərimizin birində ortaya caz-rok
barədə söz düşdü. Söhbət gedə-gedə o,
qəfil yerindən sıçradı, instrumentə yanaşdı
və çaldı. Elə çaldı ki, sanki Hörbi Henkok-
la Çik Koria bir yerdə çalırdılar, əlbəttə ki,
əgər beləsi mümkün olsaydı. Hər halda bu,
o zaman mənə belə gəlmişdi.