213
Daha böyük axmaqlıq odur ki, Vaqifi təkrar eləyəsən, yamsılayasan. Birinci
ona görə ki, bunun axırı yoxdur: nə ustalıq çatacaq, nə də istedad. İkinci,
təkrarlamaq, yamsılamaq zahiri məqamlardır və onların Vaqif musiqisinin
məğzinə, mahiyyətinə, qanunauyğunluqlarına heç bir dəxli yoxdur. Üçüncüsü,
Vaqif şəxsiyyətinin masştabı elə böyükdür ki, hər bir yaradıcı fərdiyyəti əzə bilər,
əgər həmin insan vaxtında ayılıb öz yolunu tapmağa çalışmasa. Məsələ elə
Vaqif şəxsiyyətinin miqyasındadır: Azərbaycanın çoxsaylı istedadlı və ümidverici
caz ifaçıları Vaqifin “dabanı” altından çıxa bilməyib, Vaqif sənətinin sınağına
tab gətirməyib, tezcənə epiqonçu uğura şirniklənib “istedadlı və ümidverici
çalğıçılar ” dərəcəsində də qaldılar.
Deyirlər ki, sənətdə ən mürəkkəb məsələ özünü, öz həqiqətini, öz müstəqilliyini
tapmaqdır. Bu xüsusilə o adamlara çətindir ki, onlar dahi valideynlərin varisi sayılırlar.
Ona görə çətindir ki, onları həmişə valideynlərilə müqayisə edirlər, əllərinə mikroskop
götürüb müqayisə eləyirlər; elə ciddi, elə səliqəli müqayisə eləyirlər ki, yaradıcılığı
atıb getmək, başqa işlə məşğul olmaq istəyirsən. Sənətdə nə iş görürsənsə, gör,
dahi əcdadın kölgəsi səni həmişə izləyəcək, sənin üstündə olacaq.
130
Burada da elə
həmin vəziyyətdir: əgər hansı bir məqamdasa Vaqif musiqisinin müqavimətini qıra
bilməsən, yaxşı halda, ortabab olub qalacaqsan, pis halda, alverçiyə dönəcəksən,
başqalarının nailiyyətini istismar eləyəcəksən.
Azərbaycanın caz musiqiçiləri üçün Mustafazadə yaradıcılığı ekstremal sınaq
zolağı, məhək daşı kimi bir şeydir: burada iradə gücü, istedad, peşəkar səriştə
imtahana çəkilir. Kim bu zolağı adlayıb keçəcəksə; kim Vaqifdən yalnız vacib və
zəruri olanı götürəcəksə; kim qazanılmış uğurla kifayətlənməyib irəli gedəcəksə,
yeni imkan və perspektivlər yaradacaqsa; kim Vaqifə həmişə altdan yuxarı
baxmağı tərgidib heç olmasa onunla bir müstəvidə bərabər dayanmağa cəhd
edəcəksə; kim Vaqifdə caz-muğam ikonası yox, mürəkkəb, ziddiyyətli, həmişə
eyni olmayan, bərabər olmayan, qaynayan, coşub daşan bir nəsnə görəcəksə;
bax, o da sınaqdan çıxacaq... Belələri bizdə barmaq hesabındadır. Sənətdə elə bu
cür də olmalıdır, cazda isə xüsusilə.
Yerdə qalan nə varsa, elə Vaqif “dabanı”dır. Əgər təmiz danışsaq, bu “daban”ın altında
qalmaq bir elə də ayıb deyil. Bu, axı, hər adamın yox, məhz Vaqifin “dabanı”dır.
Yoxsa ki, hər halda ayıbdır, xəcalətlidir?