81
Birinci dərs üçün professor tələbədən xahiş eləyir ki, Sergey Raxmaninovun do-
diez minor Prelüdünü hazırlasın. Vaqif, anasının nəzarəti altında əsəri, insafən, yaxşı
öyrənir, sinfə gəlir və royalın arxasında əyləşib bir qafqazlı ədası ilə şirmayı dillərdə
gəzişir. Dahiyanə musiqi otağa yayılır. Amma bununla belə, Şaroyev də, Zivər xa-
nım da əlüstü tuturlar ki, bu nəsə o deyil: “Qulaq asın, Zivər xanım, o, do-diez
minor Prelüdünü do minorda çalır!”
60
Professorun da, ananın da təəccübünün
sonu yoxdu! Cəfəngiyyat alınırdı, vəssəlam: necə ola bilərdi, mütləq qulaq yad-
daşına malik Mustafazadə eşitmir ki, ayrı bir tonallıqda çalır əsəri?! Bu, hələ azmış
kimi Vaqif dərsdə qəfildən başlayır Raxmaninovun musiqisinə cəsarətlə özündən
əlavələr eləməyə. Bununla da pedaqoq lap karıxır və karıxdığını qəzəbində bildi-
rir. Ancaq sonra öz heyrətini gizlətmir: axı Vaqifin özündən uydurduğu məqamlar
Prelüdə xələl gətirmədi, onu korlamadı və əsərə qarışıb, demək olar ki, bilinməz,
fərqlənməz oldu.
61
Bu hadisə Şaroyevi məcbur elədi ki, tələbəsinə bir ayrı cür yanaşsın. Aşkar görü-
nürdü ki, onda daha nələrsə var və bu daha nələrsə akademik çərçivələrə sığış-
mır. Georgi Georgiyeviç dedi ki, Vaqifin özünün bəyəndiyi başqa bir şeylər çal-
sın. O zaman Vaqif öz caz pyeslərindən birini ifa elədi. Hələ ki natamam... hələ ki
məktəbli pyeslərindən birini... Amma bu kifayət elədi ki, təcrübəli müəllim inansın:
Mustafazadə istedadı, Mustafazadə vergisi konservatoriya normativlərindən geniş
və üstündür!
Həmin gündən Vaqif üçün Raxmaninov bir pianoçu kimi əlçatmaz ustadlıq zirvəsinə
yüksəldi. Həmin gündən Vaqif üçün Raxmaninov elə bir bəstəkara çevrildi ki, bu
sənətkarın musiqisini o, ömrünün müxtəlif mərhələlərindən keçirib özündə yaşat-
dı: “Raxmaninov etalondur, mən həyatım boyu onu özümə örnək bilmişəm, və
həmişə biləcəyəm də. Hərdən deyirlər ki, Raxmaninovun mənim yaradıcılığıma
təsiri olub. Mənə gəlincə isə, Raxmaninovun yaradıcılığı hər bir adamın ruhsal
dünyasına təsir göstərir. Mənim qavrayışımda hər bir bəstəkar müəyyən obraz-
larla assosiasiya yaradır. Məsələn, Bethoven mənim üçün ehtirasdır, patetikadır,
inqilabdır; Şopen – lirika, gözəllik; Brams – dərinlik və ciddilik. Raxmaninoiv isə
insan dünyaduyumunun bütün çalarlarını özündə birləşdirir. Tək bir onda lirika ilə
dəliqanlılıq, poeziya ilə üsyankarlıq, gözəlliklə ciddilik yan-yanaşı dayanır, qonşu
olur. Bir sözlə, Raxmaninov mənim üçün əbədi yeni və əbədi gənc dünyadır: əbədi
öyrənilməmiş və əbədi dərk edilməmiş nəhəng, hüdudsuz bir dünya. Mən sonsu-
za qədər onu dinləməyi istərdim”.
62
Vaqif Mustafazadə. Təhsil illəri