4
Albomda yer almış fotoşəkillər öz emosional məzmununa görə çox fərqlidirlər.
Bəzilərində əhəmiyyətli tarixi hadisələr həkk olunub, digərlərində isə Heydər Əliyev qeyri-
rəsmi şəraitdə, ailəsinin, doğmalarının, dostlarının əhatəsindədir. Bu şəkillərdə o müxtəlif
anlarda çəkilib – gah sərt, gah gülümsərdir, gah qərarlı, gah təmkinlidir, gah narahat,
gah ilhamlıdır, gah qayğılı, gah da ki, həqiqətən xoşbəxtdir. Heydər Əliyev həyatının bu
fotoşəkillərdə həkk olunmuş müxtəlif anları onun şəxsi keyfiyyətlərinin, heyrətamiz yaradıcı
enerjisinin, müdrikliyinin, məsuliyyət və fenomenal işgüzarlığının əyani sübutudur.
Nəşrdəki fotoşəkillər Heydər Əliyevin həyatını əks etdirməklə yanaşı tariximizin mühüm
səhifələrini təşkil edir. Azərbaycan dövlətçiliyinin təşəkkül tapması Heydər Əliyevin
fəaliyyəti ilə bilavasitə bağlıdır. İllərin, hətta onilliklərin belə ötməsinə baxmayaraq biz bu
gün də onun müdrik qərarlarını və uzaqgörənliyini qiymətləndiririk.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olduğu zaman
Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış sənaye kompleksi bizim müstəqilliyimizin
iqtisadi əsasını təşkil etmiş oldu. Respublikanın neft hasilatı və emalı sahəsindəki fəaliyyəti
müstəqil Azərbaycanın yeni neft strategiyasının həyata keçirilməsini mümkün etdi.
Cəmşid Naxçıvanski adına ilk milli hərbi təhsil ocağı Azərbaycanı milli hərbi kadrlarla
təmin etdi. 70-ci illərdə əsası qoyulmuş təhsil sistemi Azərbaycanın hazırkı intellektual
potensialının formalaşmasına şərait yaratdı. Hələ sovet dövründə Azərbaycan dilinə dövlət
dili statusunun verilməsi ilə yeni ideologiyanın – azərbaycançılığın təməli qoyuldu. “Mən
fəxr edirəm ki, mən azərbaycanlıyam” – bu sözlər Heydər Əliyevin həyat amalı idi. Onun
yaratdığı Yeni Azərbaycan Partiyası öz sıralarına minlərlə həmfikir topladı. Güclü diaspora
yaratmaq təşəbbüsü dünya azərbaycanlılarına ünvanlanmış çağırışa çevrildi.
Albomda təqdim olunan fotoların bir hissəsi 90-cı illəri, Heydər Əliyevin Azərbaycan
Respublikasının Prezidenti seçildiyi dövrü əhatə edir. Bu illər bütün ölkəmiz və xalqımız
üçün çətin günlər idi. Ölkədə gedən xoşagəlməz proseslər, iqtisadi tənəzzül, siyasi, hərbi,
iqtisadi böhran, vətəndaş qarşıdurması, Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun
acı nəticələri, bütövlükdə, ölkədə gedən mənfi proseslər bizim müstəqilliyimizi çox böyük
təhlükə qarşısında qoymuşdu. Heydər Əliyevin siyasi təcrübəsi, biliyi, cəsarəti nəticəsində
ölkəmiz o çətin şəraitdən şərəflə çıxdı, Azərbaycan özünü bütün təhlükələrdən qoruya bildi.