134
şeyləri sənin paxıllığını çəkən adamlara göstərmə, həyatları boyu
sənə kin bəslərlər. Bədxahlarına qarşı bədxah ol, lakin tamahkar,
mənsəbpərəst adamlarla höcətləşib onlara baş qoşma, mənsəbpərəstlik
özü gec-tez onu yıxar. Kuzə hər dəfə su ilə dolu qayıtmaz. Həyasız
və davakar adamlarla təmkinlə dolan, lakin təşəxxüslü adama qarşı
təkəbbürlü ol. Nə vəzifədə olursan ol, adamlarla insan kimi rəftar
etməyi heç vaxt unutma, hirsləndikdə acığını udmağı bacar, dost
və düşmənlə qışqıra-qışqıra danışma, dilişirin ol, şirindilli olmaq
ovsunçuluğa bərabərdir. Yaxşı-pis nə deyirsənsə, cavabında da onu
gözlə. Hərzə sözün mərzə də cavabı olar. Eşitmək istəmədiyini
başqasına da demə. Xalqın üzünə deyə bilmədiyini dalınca da
danışma. Ehtimala görə adamları hədələmə, işi görməmiş özünü öymə,
demə: “bunu edəcəyəm”, de ki, “bunu etmişəm”. Bu barədə mən belə
demişəm:
Ey sənəm, eşqini atdım qəlbimdən,
Dağ boyda qəmini çöl etdim həmən.
Mən bu gün demirəm, “nə edəcəyəm”.
Sabah deyəcəyəm:
Bax, etmişəm mən”.
İşi sözdən üstün tut. Sənə diliuzunluq etmək istəyən adama da
diliuzunluq etmə. Heç vaxt ikiüzlü olma və ikiüzlü adamlardan qaç.
Od püskürən əjdahadan qorxma, amma sözgəzdirən adamdan qorx,
çünki onun bir saatda sökdüyünü bir ilə də tikmək olmaz.
Qul ilə mübahisə etmə. Nə qədər böyük və adlı-sanlı olsan da,
özündən aşağı adamla höcətə girişmə.
Filosof demişdir: “Bəlaların çoxundan xilas olmaq istəyirsənsə, on
xasiyyəti özünə peşə et: özündən güclü ilə vuruşma, yalançı adamla
məclis qurma, xəsis adamlarla ünsiyyət saxlama, nadanla öcəşmə,
davakar və tündxasiyyət adamla şərab içmə, arvadlarla çox oturub-
durma, sirrini başqalarına vermə, yoxsa böyüklüyünə hörmət qoyan
olmaz, nüfuzdan düşərsən; biri sənə böhtan atsa, üstünə götürmə, çalış
onu özündən rədd et; heç kəsi o qədər tərifləmə ki, məzəmmət etmək
lazım gələndə pisləyə biləsən, o qədər pisləmə ki, lazım gələndə tərifləyə
DÜŞMƏNDƏN EHTİYATLI OLMAQ HAQQINDA