152
olmağa çalış. Rahat həyata öyrənməkdə ifrata varma ki, zərurət
üzündən çətinlik baş versə, asan keçirə biləsən. Bacardığın işlərin
hamısını özün gör, başqalarına etibar etmə, çünki dünya malı adamı
tez aldadar. Alıb-atmaqda diribaş ol, düz danış, vədini yerinə yetir.
Çox alıb çox satmağı bacar. Mümkün olduqca nisyə alver etmə, etməli
olsan, bir neçə cür adamla etmə: malı az olanla, alverə təzə başlayanla,
alimlə, ələvi ilə, uşaqla, qazının yaxın vəkilləri ilə, şəhər müftiləri ilə,
dövlət xidmətçiləri ilə. Heç vaxt bu qəbildən olan adamlarla alverin
olmasın. Bu cür adamlarla alveri olan axırda zərər görüb peşmançılıq
çəkmədən yaxasını qurtara bilməz.
Görməmiş adama heç bir şeyi etibar etmə, sınaqdan çıxarılmamış
adama inanma, imtahandan çıxmışı isə hər addımbaşı yoxlama,
sınaqdan çıxmışı çıxmamışla əvəz etmə, uzun vaxt lazımdır ki, etibarlı
bir adam ələ gətirəsən. Məsəl var, deyərlər: „Sınaqdan çıxarılmış div
sınanmamış adamdan yaxşıdır“. Adamı əvvəl başqa adamla imtahan
et, sonra özün sına. Sənə layiq olmayan adam başqasına da layiq
olmaya bilər. Lakin yoxlayanda həmişə işə görə yoxla, sözə görə yox.
Nəqd sərçə nisyə tovuzdan yaxşıdır. Quru səfərində ona yarım, dəniz
səfərində isə ona on bir qazancın olsa, yenə dəniz səfərinə çıxma, çünki
dəniz səfərinin qazancı topuqdan olar, zərəri xirtdəkdən. Az qazanc
xatirinə böyük sərmayəni bada vermək olmaz. Quruda bir bədbəxtlik
üz versə, mal gedər, can qalar, dənizdə isə hər ikisinin qorxusu vardır.
Malın əvəzini tapmaq olar, canın isə yox. Dəniz işini padşahlıq işinə
bənzədiblər, birdən gəlib birdən gedər. Lakin dövlətin varsa, maraqlı
şeylər görmək məqsədi ilə bir dəfə gəmiyə minməyinə dəyər.
Peyğəmbər (s.) demişdir: „Bir dəfə dəniz səfərinə çıxın və böyük
Allahın necə xariqələr yaratdığına tamaşa edin“.
Alverdə çənə vurmaqdan qorxma, lakin malı da əldən çıxartma.
Öz işini bütünlüklə başqalarının ixtiyarına vermə. Deyiblər:
Başqalarının əli ilə yalnız ilan tutmaq yaxşı olar“. Həmişə gəlir və
çıxarının hesabını saxla, imza verib heç bir şeyi öz öhdənə götürmə ki,
istədiyin vaxt boyun qaçıra biləsən. Təsərrüfat işlərini yaxşı öyrən ki, səhv
və nöqsanlara yol verməyəsən. Nökərlərinə və yaxın adamlarına hər şeyi
hesabla ver, onlardan da hesab tələb et, həmişə gözün üstlərində olsun
TİCARƏT HAQQINDA