174
mütriblik haqqını batırar, baş-gözünü əzişdirərlər, çörək ağacın qırılar,
evə paltarıcırıq getməli olarsan. Çalğıçılar məstlərin muzdurudurlar,
bilirsən ki, davakar muzdura muzd verməzlər. Əgər məclisdə biri səni
tərifləsə, ona minnətdarlıq et ki, başqaları da tərifləsin. Nə qədər ki
keflənməyiblər, quru tərifləyərlər, elə ki kefləndilər, tərifdən sonra pul
da verərlər.
Evə dağılışanda sərxoşlar adətləri üzrə səndən əl çəkməyib bir “rah”
və ya “təranə” çaldırmaq istəsələr, əsəbiləşmə, məqsədinə çatana qədər
yorulmadan çal və oxu. Mütribin ən yaxşı dostu məstlərlə rəftarındakı
səbirdir, səbiri olmasa, gəliri də olmaz. Bir də deyiblər ki, çalğıçı gərək
eşitməsin, görmək lazım olmayan şeyi görməsin. Bir yerdə olarkən
gördüyü, eşitdiyi şeyləri başqa yerdə danışmasın. Belə mütribin
müştərisi həmişə başı altında olar. Yaxşısını isə Allah bilir.
MUSİQİŞÜNASLIQ QAYDALARI HAQQINDA