193
abadlığa çalışsan, ölkə dolandırmış olarsan. Bil ki, ölkəni ordu ilə
saxlamaq olar, ordunu isə pulla, pulu isə abadlıqla qazanmaq olar,
abadlığı isə ədalət və insafla yaratmaq olar. Demək, ədalət və insafı
unutmaq olmaz.
Nə qədər sadiq və ehtiyatlı olsan, yenə də həmişə şahdan qorx,
hamıdan çox şahdan qorxası bir adam varsa, o da vəzirdir. Şah nə
qədər kiçik olsa, sən onu kiçik hesab etmə, şahzadələr ördək balaları
timsalındadır, ördək balalarına isə üzmək öyrətməzlər, çox keçməz ki, o
sənin yaxşı və pis işlərindən xəbər tutar. Şah həddi-büluğa çatmışsa, iki
haldan biri olar: ya ağıllı olacaq, ya axmaq. Ağıllı olsa, sənin xəyanətinə
dözə bilməyib üsulluca sənin əlini gödəldəcək, yox, Allah göstərməsin,
axmaq və nadan olsa, ən çirkin yolla səni vəzirlikdən qovacaq. Ağıllıdan
canını qurtara bilsən də, axmaqdan heç bir vəchlə qurtara bilməzsən. Bir
də, şah hara getsə, onu tək buraxma, qoyma düşmənlərin fürsət tapıb
sənin haqqında pis sözlər deməyə və onun fikrini dəyişməyə nail olsunlar.
Öz nemət sahibinin halından xəbərdar olmağı heç vaxt unutma, elə et ki,
onun yaxın adamları sənin casusun olsunlar, onun hər çəkdiyi nəfəsdən
xəbər tutasan, vaxtında hər zəhərə qarşı bir padzəhr hazırlayasan.
Ətraf şahların vəziyyətindən xəbərdar ol, elə etmək lazımdır ki,
hər hansı bir ölkədə sənin dost və düşmənin bir qurtum su içsə belə,
adamları sənə məlumat versinlər, onların məmləkətinin vəziyyətini öz
məmləkətin kimi bilməlisən.
Hekayət. Eşitmişəm ki, Fəxrüddövlənin vaxtında Sahib İsmayıl
ibn Əbbad iki gün saraya gəlib divanxanada oturmur və heç kəsi
qəbul etmir. Xəbərçi bunu Fəxrüddövləyə çatdırır. Fəxrüddövlə
bir adam göndərib deyir: „Sənin qanıqara olduğunu eşitdim, əgər
ölkədə qanıqaralığa səbəb olan bir şey varsa, de, çarə qılaq, yox,
bizdən küsübsənsə, üzr istəyək“. Sahib deyir: „Allah eləməsin, mən
hökmdarımdan küsüm, şah öz kefində olsun, məmləkətin işləri də öz
qaydasındadır, mənim bu qanıqaralığım da tez keçər“.
Üçüncü gün o, əvvəlki kimi kefi kök, damağı çağ saraya gəlir,
Fəxrüddövlə soruşur: „Nə üçün qanın qara idi?“ Deyir: „Mənim
casusum Kaşğardan yazmışdı ki, Xaqan filan sərkərdə ilə söhbət
etmişdir. Bilmirdim, nə barədə danışıblar, çörək boğazımdan getmirdi,
ŞAHA VƏZİRLİK ŞƏRTLƏRİ HAQQINDA