201
boynunuza götürəsiniz, çünki vəzirliyə sizdən layiq heç kəsi tapa
bilmirik”. Alim dedi: “Dünya hakiminə deyin ki, şahın ömrü min il
uzun olsun, vəzirlik elə bir peşədir ki, adam bir çox xüsusiyyətə malik
olmalıdır, məndə isə saqqaldan başqa bu xüsusiyyətlərdən heç biri
yoxdur. Soltan öz bəndəsinin uzun saqqalına güvənməsin, bu vəzifəni
başqasına tapşırsın”.
Vəzirə, onun yaxın adamlarına yaxşılıq et, maaş verməkdə, hədiyyə
bağışlamaqda xəsislik göstərmə. Lakin vəzirin qohum-qardaşlarına
vəzifə tapşırma, çünki piyi tamamilə pişiyə tapşırmaq olmaz. Vəzir
heç vaxt qohum-qardaşlarının xatirinə toxunmaz. Bundan əlavə vəzirin
adamları ona arxayın olub camaata elə zülm edərlər ki, başqaları onun
yüzdən birinə də cəsarət etməz. Vəzir öz qohumlarının əvəzində imza
edə bilər, başqalarının əvəzinə yox.
Oğruya rəhm etmə, qatili bağışlama, bağışlasan, qiyamətdə cəzasını
çəkərsən, lakin nökərlərinə qarşı rəhmli ol, onları bəladan qoru, çünki
hökmdarı çobana, ona tabe olanları isə sürüyə bənzətmişlər, çoban
sürünü yırtıcılardan qorumasa, tez məhv olar.
Hər kəsin öz gəlirini öyrən, öyrəndiyinlə kifayətlənmə, hərəyə bir
iş tapşır və vəzifəni onlardan əsirgəmə. Qoy bu işdən aldıqları xeyir
öz gəlirlərinə əlavə olunsun və daha yaxşı yaşasınlar. Sən də onlar
haqqında daha az narahat ol, çünki nökərləri iş tapşırmaq üçün
saxlarlar.
Lakin sən birinə iş tapşırarkən diqqətli ol, hərəyə özünə layiq iş ver,
ləyaqəti olmayana vəzifə tapşırma. Məsələn, saqiliyə yarayanı fərraşlığa
göndərmə, xəzinədarlığa layiq olana haciblik vermə, hər işi hər adama
tapşırmaq olmaz. Deyiblər ki: “Hər işin öz adamı var!” Elə et ki,
ağzıgöyçəklər sənin dalınca qeybət qırmasınlar, işlərə də ziyan dəyməsin,
çünki xidmətçiyə vəzifə tapşırsan, o bunun öhdəsindən gələ bilməsə də,
öz xeyrinə görə bacarmadığını deməyəcək, vəzifəyə başlayacaq, lakin iş
axsayacaq. Demək, işi bacarana tapşır ki, başağrısı olmasın.
Gecə-gündüz duam budur, bil, sənə,
İş verəsən onu başa düşənə!
ŞAHLIQ QAYDALARI VƏ ŞƏRTLƏRİ HAQQINDA