215
İndi, ey oğul, əgər çətinlik çəkirsənsə, mən bu üç xüsusiyyəti üç
dəstə arasında bölüb hərəsinin dərəcə və əndazəsini, ayrı-ayrı şərh
edirəm ki, başa düşəsən.
Haşiyə. Bil, əyyarların ən comərdi odur ki, onda bir neçə xüsusiyyət
olsun: hünərli, ürəkli, hər işdə səbirli, sözünə sadiq, gözü tox, ürəyi
təmiz, başqasına ziyan vurmayan, dostunun xeyri yolunda öz zərərinə
razı olan, əsirləri incitməyən, yoxsullara bəxşiş verən, pisləri pis işdən
döndərən, düz deyib düz eşidən olsun, qədir bilsin, çörək yediyi
süfrəyə xəyanət etməsin, yaxşılığın əvəzini pisliklə çıxmasın, dilini
xeyrə öyrətsin, hər şeydə bir xeyir görsün. Diqqətlə baxsan, bütün bu
xüsusiyyətlərin hamısı dediyim həmin üç şeylə əlaqədardır, bu barədə
bir hekayət də vardır.
Hekayət. Eşitmişəm, bir gün əyyarlardan bir dəstə Kuhistanda
oturarkən bir adam gəlib salam verir və deyir: “Mən Mərv əyyarları
tərəfindən elçiyəm, sizə salam göndərib deyirlər: “Eşitmişik Kuhistanda
filan əyyarlar var, bizdən bir nəfər sizin yanınıza gələcək, bir şərtimiz
var, əgər bizim sualımıza düz cavab versəniz və biz onunla razılaşsaq,
sizin böyüklüyünüzü qəbul edəcəyik, düz cavab verə bilməsəniz, gərək
siz bizim böyüklüyümüzü təsdiq edəsiniz”. Deyirlər: “De”. Deyir:
Soruşurlar comərdlik nədir, comərdliklə nacomərdlik arasındakı fərq
nədən ibarətdir? Bir əyyar yol üstə oturmuş olsa, bir adam oradan
keçsə, bir azdan sonra başqa birisi siyirmə qılınc gəlib ondan soruşsa ki,
filan adam buradan keçib, ya yox, o nə deməlidir? Desə xəbərçilik olar,
deməsə — yalançılıq, bunların hər ikisi də əyyarlıqla bir yerə sığmaz”.
Kuhistan əyyarları bu məsələni eşitdikdən sonra bir-birinə
baxışdılar. Onların arasında Fəzli Həmədanı adında bir kişi var idi,
qalxıb deyir: “Bu suala mən cavab verərəm”. Deyirlər: “De”. Deyir:
Əsl comərdlik odur ki, dediyini edəsən, comərdliklə nacomərdlik
arasındakı fərq ondan ibarətdir ki, səbir edəsən. O əyyar isə belə
etməlidir: oturduğu yerdən durub bir addım yuxarıda oturmalı
və deməlidir: “Mən burada oturduğum müddətdə buradan
keçməmişdir”. “Bununla da xəziyyətdən çıxmış olar”. Bu sözü başa
düşsən, comərdliyin mahiyyətini də başa düşmüş olarsan.
COMƏRDLİK QAYDALARI HAQQINDA