25
içində gördükdə üzünü ona çevirib deyir: “Qiyamət günü səninlə
mənim mükafatım eyni olacaq, amma sən gör nə naz-nemət içərisində
gedirsən, mən isə əzab və əziyyət içərisində?!”
Buxara əmiri deyir: “Allah eləməsin mənimlə sənin mükafatımız
eyni olsun, əgər mən bilsəydim, səninlə mənim mükafatımız eyni
olacaq, heç səhraya qədəm basmazdım”.
Dərviş soruşur: “Nə üçün?”
Əmir deyir: “Ona görə ki, mən Allah buyruğu ilə gəlmişəm, sən isə
onun əmrinə müxalif hərəkət edibsən, məni çağırıblar, mən qonağam,
sən isə tüfeyli. Çağırılmış qonaq ilə çağırılmamışın hörməti eyni ola
bilərmi? Haqq-Taala dövlətliləri çağırmış, yoxsullara isə belə demişdir:
Özünüzü öz əlinizlə təhlükəyə salmayın!” Sən Allahın əmri olmadan,
yoxsul, ac-yalavac halda çölbiyabana çıxaraq özünü təhlükə qucağına
atıbsan, Allahın buyruğuna əməl etməmisən. Nəyə əsasən sən əmrə
baxanlarla bərabərlik edə bilərsən? Kimin imkanı olub Həccə gedirsə,
o, Allahın tapşırığını yerinə yetirmiş olur və onun nəziri qəbul, duası
müstəcab olur”.
Ey oğul, əgər sənin də Həccə getmək imkanın olsa, xəsislik etmə.
Həccə getmək üçün beş şərt lazımdır: qüvvət, nemət, vaxt, hörmət
və əmin-amanlıq. Əgər bunlar sənə nəsib olsa, tam istifadə etməyə
çalış. Bilməlisən ki, Həcc yalnız kifayət qədər var-dövlət olan zaman
məsləhətdir və onu gələn ilə təxirə salmaq günah deyil.
Lakin zəkat o itaətdəndir ki, imkan olan yerdə onu təxirə salmaq
olmaz, onu verməmək üzrlü sayıla bilməz. Allah zəkat verənləri özünə
yaxın hesab etmişdir.
Başqalarına zəkat verən adam rəiyyət arasında şah kimidir, o, ruzi
verən olar, başqaları ruzi yeyən.
Haqq-Taala belə lazım bilmişdir ki, bəziləri yoxsul olsun, bəziləri
varlı. Əlbəttə, o istəsəydi, hamını varlı edə bilərdi, lakin ona görə iki
təbəqə etdi ki, bəndələrinin şərəf və mövqeləri aydın olsun, yuxarılar
aşağılardan fərqlənsin. Şah da öz xidmətçilərindən birini güclü və ruzi
verən etsə və bu xidmətçi başqasına ruzi verə bildiyi halda özü yeyib
başqasına verməsə, şahın qəzəbinə düçar ola bilər.
İMKAN OLDUQDA İTAƏTİN ARTIRILMASI HAQQINDA