28
Ana və ataya ən azı ona görə hörmət etmək lazımdır ki, onların
hər ikisi səninlə Yaradan arasında vasitədir. Deməli, sən özünə və
Yaradanına hörmət etdiyin qədər öz vasitələrinə də hörmət etməlisən.
Ağlı başında olan hər bir övlad heç vaxt ata və ana haqqını unutmaz.
Allah öz Kitabi-Məcidində belə deyir: “İtaət ediniz Allaha, itaət ediniz
peyğəmbərə və öz amirlərinizə”
12
.
Bu ayəni bir neçə cür təfsir etmişlər. Onlardan birində belə
oxumuşam ki, “amirlər” ana və atadır, çünki ərəb dilində “əmr”
sözünün iki mənası vardır: iş və əmr. Amir ona deyərlər ki, həm
ixtiyarı olsun, həm iqtidarı. Ata və anada isə həm iqtidar var, həm
ixtiyar. İqtidar - yedirdib bəsləmək, ixtiyar - yaxşı şeylər öyrətməkdir.
Ehtiyatlı ol, ey oğul, ata və ananın qəlbini incitmə, onların ürəyinə
toxunma, çünki Yaradan, ana və atanı incidənə ağır cəza verir. Allah-
Taala deyir: “Onlara tüfu demə, onları incitmə, onlara xoş sözlər de!”
Əli Əmirəlmömindən (Allah ondan razı olsun) soruşdular ki,
ana və atanın haqqı nə qədər olar? Dedi: “Onun nə qədər olduğunu
Allah-Taala Peyğəmbər əleyhissəlamın ana və atasının ölümündə
göstərmişdir. Çünki onlar Peyğəmbər əleyhissəlamın peyğəmbərlik
dövrünə qədər yaşasaydılar, Peyğəmbər (s.) onları hamıdan şərəfli
tutmağı vacib bilərdi, bu da onun dediyi: “Mən Adəm övladının ən
şərəflisiyəm və bunda qürurum yoxdur”
13
sözü səhv görünərdi.
Deməli, ana və atanın haqqını dini cəhətdən qəbul etməsən, ağıl
və insanlıq nöqteyi-nəzərindən qəbul etməlisən. Ana və ata sənin
əsl böyüdənin və tərbiyə verənindir, sən onların haqqını ödəməkdə
kahıllıq göstərsən, bu ona dəlalət edər ki, sən heç bir yaxşılığa layiq
deyilsən. Çünki aşkar xeyirxahlığın qədrini bilməyən adam dolayı
xeyirxahlığın qədrini haradan bilər? Qədir bilməyən adama yaxşılıq
etmək nadanlıqdır. Sən də nadanlıq adını qazanmağa çalışma. Öz
övladının sənə qarşı necə olmasını arzulayırsansa, sən də öz ata və
anana qarşı elə ol! Sən səni doğanla necə rəftar edibsənsə, səndən
doğulan da səninlə elə rəftar edəcəkdir. Övlad meyvəyə bənzər, ata-
ana isə ağaca. Ağaca nə qədər çox xidmət etsən, o qədər onun meyvəsi
yaxşı və gözəl olar. Ata-anaya da nə qədər çox hörmət edib onlardan
utansan, onların sənin haqqındakı duaları o qədər tez müstəcab olar.
ATA VƏ ANAYA HÖRMƏT HAQQINDA