35
versin) demişdir: „Peyğəmbər öz ümməti arasında necədirsə, ağsaqqal
da öz tayfası arasında elədir“. Lakin onlara çox da valeh olma ki,
məziyyətlərini görə bildiyin kimi, eyiblərini də görə biləsən.
Başqasından təhlükə gözləyirsənsə, tez çalış ki, öz təhlükəsizliyini
təmin edəsən. Təhlükə gözlədiyin adamdan „heç bir şey edə bilməz“
deyə arxayın olma. „Heç nə olmaz“ deyə zəhər içmək ağıllı iş hesab
edilə bilməz.
Öz istedadınla qürrələnmə, dolanmaq üçün ağılsız və istedadsız
olmaq lazımsa, ağılsız və istedadsız ol, belə olmaq lazım deyilsə, o
zaman bir sənət öyrən, öyrənməkdən və yaxşı sözə qulaq asmaqdan ar
etmə, beləliklə, sən arsızlıqdan qurtarmış olarsan.
Yaxşı və pisə fikir ver, insanların müsbət və mənfi cəhətlərini öyrən,
onların nədən və nə qədər xeyir götürüb, ziyan çəkdiklərinə diqqət
yetir və öz xeyrin üçün onlardan istifadə et. Bax gör insanları zərərə
yaxınlaşdıran nədir, ondan qaç və ona yaxınlaş ki, o, insanları xeyrə
yaxınlaşdırır.
Özünü elm və sənət əldə etməyə öyrət. Bilmədiyin şeyi öyrənməyə
çalış. Bunun sənə iki faydası olar: ya bildiyin şeyi təcrübədən keçirmiş
olarsan, ya bilmədiyin şeyi öyrənərsən.
Sokrat
18
demişdir: „Bilikdən daha zəngin xəzinə, pis xasiyyətdən
daha rəzil düşmən ola bilməz, bilikdən daha böyük izzət, həyadan
daha qəşəng zinət ola bilməz“.
Deməli, oğlum, sən bilik yollarını tapmalısan, elə etməlisən ki, hansı
vəziyyətdə olursan ol, bir saatın belə elm öyrənmədən boş keçməsin;
axı biliyi nadanlardan da öyrənmək olar.
Əgər sən nadana qəlbinin gözü ilə baxıb, ağlının nəzəri ilə diqqət
yetirsən, onun xoşagəlməz hərəkətlərini görərsən və bilərsən ki,
nələri etmək lazım deyildir. İsgəndər
19
demişdir: „Mən xeyiri yalnız
dostlardan deyil, düşmənlərdən də görürəm. Mən xoşagəlməz bir
xəta etdikdə dostlar dostluq xatirinə onu ört-basdır edirlər ki, mən
bilməyim, düşmənlər isə, əksinə, düşmənçilik üzündən açıb deyirlər.
Mən də ondan xəbərdar olub, həmən pis işi bir daha təkrar etmirəm.
Deməli, mən bu xeyiri dostdan deyil, düşməndən görmüş oluram“.
Sən də o biliyi alimdən deyil, cahildən öyrənmiş olarsan.
TƏVAZÖ VƏ BİLİYİN ARTIRILMASI HAQQINDA