36
Elm və sənət öyrənmək, istər böyük olsun, istərsə kiçik, hamıya
vacibdir, çünki insan öz tay-tuşları arasında üstünlüyü yalnız elm
və sənətə görə əldə edə bilər. Tay-tuşlarda olmayan bir istedadı
insan özündə gördükdə həmişə üstünlük hiss edir, camaat da onu
başqalarından üstün tutur. Ağıllı adamlar bilik və istedadlarına görə
tay-tuşlarından üstün tutulduqlarını gördükdə çalışırlar ki, öz bilik və
istedadlarını daha kamil etsinlər. Deməli, insan belə edərsə, az keçməz
ki, hamıdan böyük olar.
Bilik əldə etmək tay-tuş içərisində irəli getmək deməkdir, elm və
sənətdən əl çəkmək isə geriliklə razılaşmaq deməkdir.
Bilik əldə edib sənət öyrənmək, bədəni tənbəllik xəstəliyindən
qorumaq çox faydalıdır. Deyiblər ki, tənbəllik bədən üçün fəsaddır.
Bədən sənin sözünə baxmırsa, ayıq ol, buna yol vermə, bil ki, bədən
tənbəllik və rahatlığı sevdiyindən sənin sözünə baxmır. Bədənimizin
hərəkəti təbii və özbaşına olmadığından və bədən istədiyi kimi deyil,
əmr edildiyi kimi hərəkət etdiyindən nə qədər ki sən əmr etməmisən,
heç vaxt sənin bədənin işləməyi arzu etməyəcək. Deməli, sən bədənini
sözə qulaq asmağa və sənə tabe olmağa zorla məcbur etməlisən,
çünki öz bədənini sözə baxmağa vadar edə bilməyənlər başqalarını
da özlərinə tabe edə bilməzlər. Elə ki öz bədənini sənə tabe olmağa
məcbur etdin, sonra sənət öyrənməklə hər iki dünyanın nemətinə sahib
olarsan. Hər iki dünyanın neməti sənətdə, bütün sənətlərin açarı elm və
tərbiyədədir. Xüsusilə, nəfsi tərbiyə etmək, təvazökarlıq, pəhrizkarlıq,
düz danışmaq, təmiz ad çıxarmaq, başqalarına əziyyət verməmək və
həyalı olmaq çox yaxşıdır.
Hərçənd həyalılıq haqqında hədisdə deyilibdir ki: „Həya imandan
doğur“, lakin çox yerdə utanmaq insana ziyan vurur. Elə utancaq olma
ki, utancaqlıq üzündən vəzifəndə ehmallıq edib, öz işlərinə zərər vurasan.
Çox zaman elə yerlər olur ki, məqsədə çatmaq üçün həyasızlıq eləmək
lazım gəlir. Lakin həmişə yalan danışmaq, rüsvayçılıq etmək, sırtıq olmaq
kimi hərəkətlərdən utan, düz danışmaq, yaxşı işlər görməkdən isə utanma.
Çox adam ancaq utancaqlıq üzündən arzusuna çata bilmir.
Əgər utanmaq imandan doğursa, yazıqlıq da utancaqlıqdan doğur,
ona görə də utanmağın və utanmamağın hər ikisinin yerini bilmək
TƏVAZÖ VƏ BİLİYİN ARTIRILMASI HAQQINDA